Accessibility links

Aksiyada iştirak edən iki fəal, bir jurnalist həbs edilib, 4 fəal cərimələnib


Zamin Salayevin hüquqlarını müdafiə aksiyası
Zamin Salayevin hüquqlarını müdafiə aksiyası

Martın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında 53 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin hüquqlarının müdafiəsi məqsədi ilə keçirilən etiraz aksiyası zamanı 50-dən çox fəal saxlanılıb. Onların əksəriyyəti bir neçə saatdan sonra sərbəst buraxılıb.

Martın 31-də aksiya iştirakçılarından AXCP-nin Səbail rayon təşkilatının sədri Ceyhun Novruzov 30 sutlka, partiyanın fəalı Səhlədar İsgəndərli 25 sutka inzibati həbsə məhkum edilib. Yasamal rayon Məhkəməsi hər iki siyasi fəalı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilib.

Aksiyanın dörd iştirakçısı - Bəbək Həsənli, Kənan İsmayılov, Hüseyn İbrahimov və Cavid Zülfüqarlı inzibati qaydada 50 manat cərimə olunub.

Bu barədə AXCP məlumat yayıb.

Zamin Salayevin hüquqlarını müdafiə aksiyası
Zamin Salayevin hüquqlarını müdafiə aksiyası

AXCP fəallarının inzibati həbsi ilə bağlı xəbəri Yasamal rayon Məhkəməsindən Amerikanın Səsinə təsdiq ediblər.

Bundan başqa, nümayişdə çəkiliş apararkən fiziki təzyiqə məruz qaldığını və mobil telefonunun zədələndiyini bildirən jurnalist Nurlan Cəfərli inzibati qaydada həbs edilib.

Cəfəri özü aksiyadan sonra Facebook səhifəsində Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət ünvanlayaraq, polis əməkdaşlarının hərəkətlərindən şikayət edib.

O bildirib ki, aksiyada Time TV üçün çəkiliş aparırdı, amma mülki geyimli polis əməkdaşı ona qarşı güc tətbiq edib və nəticədə mobil telefonunun ekranı zədələnib.

Bu yazı dərc edildikdən sonra Cəfəri kafedən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

İki saat sonra Cəfəri həmkarına zəng edib və Yasamal rayon Məhkəməsinin onun barəsində 15 sutka inzibati həbs qərarı çıxardığını bildirib.

Babək Həsənov Zamin Salayevin hüquqlarını müdafiə aksiyası zamanı
Babək Həsənov Zamin Salayevin hüquqlarını müdafiə aksiyası zamanı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin nümayəndəsi İbrahim Əmiraslanlı jurnalistin həbs edildiyini təsdiq edib.

Onun sözlərinə görə, "qanunsuz aksiya zamanı" Cəfəri polis əməkdaşlarının xidməti fəaliyyətinə kobud şəkildə mane olaraq, onlara vurmağa çalışıb".

"Bu əməllə əlaqədar o, polis orqanına çağırılıb, burada ona qanunsuz əməllərinin dəlilləri təqdim edilib. Barəsində toplanan materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 sutka müddətinə həbs edilib", Əmiraslanlı bildirib.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.

XS
SM
MD
LG