İran Azərbaycanının Qoşaçay (Miyandab) şəhərində ölüm cəzasına məhkum edilmiş şəxs əfv edilib.
İranın ədliyyə sisteminə bağlı Mizan xəbər agentliyi Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində bir nəfərin ölüm cəzasından əfv edildiyini bildirib.
Daha əvvəl "qəsdən adam öldürmə" ittihamı ilə barəsində ölüm cəzası hökmü çıxarılan həmin şəxs, "qan sahibləri" adlandırılan qətlə yetirildiyi şəxsin ailəsi tərəfindən əfv edilərək edam hökmü ləğv edilib.
İranda şəriət qanunlarına görə, öldürülən şəxsin qan sahibləri qisasın icrasını hakimdən tələb edə bilər. Qisas qanunu əsasən insanın törətdiyi cinayət qədər cəzalandırılması prinsipinə əsaslanır və ölüm cəzası ilə məhdudlaşmır.
Tərəflərdən birinin əlilliyinə səbəb olmuş məhkəmə işlərində, iddiaçı tərəf qarşılıqlı intiqamın həyata keçirilməsini hakimdən tələb edə bilər. Qisasa məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini və yaxud zərər verdiyi şəxsi "diyə-təzminat" almağa razı etdikləri təqdirdə ölüm cəzasından və ya qarşılıqlı intiqamın alınmasından qurtula bilirlər.