İranın digər şəhərləri ilə eyni vaxtda Təbriz, Ərdəbil, Zəncan və Həmədan şəhərlərində müəllimlər etiraz mitinqi keçiriblər.
İran Müəllimlər Birliyinin Koordinasiya Şurası məlumat verib ki, martın 28-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kirmanşah, Şimali Xorasan, Həmədan və Zəncan vilayətlərində müəllimlər eyni vaxtda Təhsil İdarəsinin qarşısında etiraz aksiyaları keçiriblər. Müəllimlərin əsas etiraz səbəbi pisləşən həyat şəraiti və maaşlarının vaxtında və tamamilə ödənməməsidir.
Getdikcə pisləşən həyat şəraitinə etiraz edən müəllimlər Təbrizdə Təhsil İdarəsinin binası qarşısında aksiya keçirərək, həyat şəraitinin pis olmasının əlaməti olaraq “boş süfrə” açıb, ətrafında əyləşiblər.
Etirazçı müəllimlər həmçinin Təhsil İdarəsinin binasının qarşısına “bu bina müəllimlərin maaşını ödəmək üçün satışa qoyulur” yazılı pankardı da quraşdırıblar.
Son illər müəllimlər təhsilin keyfiyyətinin və yaşayış şəraitinin aşağı düşməsi ilə bağlı davamlı olaraq etiraz aksiyaları keçirirlər.
Həmədanda müəllimlər şüarlar səsləndirərək vilayətin təhsil müdirinə müraciət edərək, ondan binadan çıxıb şikayətlərinə cavab verməsini istəyiblər.
“Müxtəlif səviyyələrdən olan rəsmilərin heç biri müəllimlərə cavab verə bilməyib və verə də bilmir. İnqilabdan sonrakı illər ərzində təhsilin keyfiyyəti o dərəcədə aşağı düşüb ki, hakimiyyət orqanları durumu izah etməkdə və şikayətlərə cavab verməkdə aciz qalırlar,” Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalında bildirilib.