Accessibility links

Təbriz və Ərdəbildə müəllimlər digər şəhərlərdə aksiyalarla həmrəy olaraq mitinq keçirib


Ərdəbildə müəllimlər təhsil idarəsinin önündə etiraz aksiyası keçirir
Ərdəbildə müəllimlər təhsil idarəsinin önündə etiraz aksiyası keçirir

İran Azərbaycanında müəllimlər İranın bir çox böyük və kiçik şəhərləri ilə həmrəy olaraq birgə etiraz mitinqi keçirib.

Təbriz və Ərdəbil şəhərlərində müəllimlər mayın 1-də toplaşaraq şüarlar səsləndirib. Ərdəbildə bir qrup müəllim həmin şəhərin Təhsil İdarəsinin binası qarşısında öz tələblərini dilə gətirib, həbs olunan müəllimlərin azadlığa buraxılmasını tələb ediblər.

Təbriz şəhərində müəllimlərin etiraz mitinqi təhlükəsizlik qüvvələrinin mövcudluğu şəraitində keçirilib. Təbrizdən sosial mediada yayımlanan videogörüntülərdə müəllimlər ölkədə baş verən korrupsiya hallarına etiraz olara şüarlar səsləndiriblər.

Ümumilikdə müəllimlərin keçirdiyi etiraz mitinqlərində "problemimiz buradandır, Amerikadan deyil", "həbs edilmiş müəllim sərbəst buraxılsın", "məllim, işçi, tələbə, ittihad" məzmununda şüarlar səsləndirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti saytında qısa bir bəyanat yayaraq müəllimlər və işçilərin etirazlarına dəstək verdiyini bildirib. Bəyanatda qeyd olunub ki, İran İslam Respublikası 43 il ərzində "hər zaman işçiləri, müəllimləri və digər zəhmətkeşləri yoxsulluq səviyyəsinin altında saxlayır".

Həmçinin İran Azərbaycanından olan 8 milli fəal bəyanat yayaraq İranda İşçi və müəllim gününü qeyd edib. Abbas Lisani, Əkbər Azad, Dr. Lətif Həsəni, Yəqub Təqəvi Əlirza Fərşi, Yürüş Mehrəlibəyli, Siyamək Mirzayi və Musa Ziya Gərgərinin imzası ilə yayımlanan bəyanatda işçilər, onlar müəllimlər və zəhmətkeşlərin etirazlarına dəstəklərini bildiriblər.

Beynəlxalq Əmək günündə və İranda müəllimlər günü ərəfəsində keçirilən mitinqlərdə müəllimlər maaşlarının yoxsulluq səviyyəsi həddindən artırılmasını tələb ediblər. Onlar həmçinin müəllimlərin və təqaüdə çıxan müəllimlərin gecikdirilmiş və ödənməmiş borclarının dərhal ödənməsini tələb ediblər.

İranda müəllim günü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən müəllimlərin həmkarlar ittifaqı fəallarına qarşı təzyiqlər artıb, bir çox həmkarlar ittifaqı fəalı hədələnib və yaxud həbs edilib.

Zəncan vilayətinin Əbhər şəhərində yaşayan təqaüdçü müəllim Əhməd Təqəvi təqribən bir həftə öncə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı hesabata görə, İranda son 12 ayda azı 69 işçi həbs edilib.

Təbriz və Ərdəbil şəhərlərilə birgə İranın digər şəhərləri, o cümlədən Tehran, Ərak, Buşehr, Kərəc, Məşhəd, İsfahan, Şiraz, Rəşt və başqa şəhərlərdə müəllimlər etiraz mitinqləri təşkil edib. İranın cənubunda yerləşən Buşehr şəhərində təhlükəsizlik qüvvələrinin müəllimlərin dinc mitinqinə müdaxiləsi nəticəsində zorakılıqların baş verdiyi bildirilir.

XS
SM
MD
LG