Ali Məhkəmə Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib

Vüqar Səfərli (Arxiv foto. Mənbə: KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu)

Azərbaycan Ali Məhkəməsi ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli, “Portos” MMC-nin direktoru Nadir Məmmədov və digər təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib. Ali Məhkəmə əmlaklarla bağlı hissəni yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Bu barədə Səfərlinin vəkili Hikmət Əliyev Ali Məhkəmədə kassasiya şikayətinə baxışından sonra Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Ali Məhkəmə müdafiə tərəfinin bəraətlə bağlı şikayətini təmin etməyib və Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vüqar Səfərli və onunla birgə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Məhkəmənin hökmü ilə həmçinin Bakı şəhərində Mətbuat prospektində yerləşən ümumi sahəsi 12 535,9 kvadrat metr olan, dəyəri otuz milyon manatdan çox qiymətləndirilən Beynəlxalq Mətbuat Mərkəzi və prokurorluğun depozit hesabına qoyulan 1 milyon manat pul vəsaiti müsadirə olunub.

Bina Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun təqsirləndirilən bacanağı Ədalət Vəliyevə məxsus olub.

Eyni zamanda məhkəmənin hökmü ilə Vüqar Səfərlinin Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesablarına həbs qoyulub. Bundan başqa, Ədalət Vəliyevin Mətbuat prospektində yerləşən çoxmərtəbəli yaşayış binası və digər daşınmaz əmlakları müsadirə olunub.

İstintaq tərəfindən mənimsəmənin ümumi məbləği 18 milyon manat müəyyən edilib. Pullar Bakının Səbail rayonunda jurnalistlər üçün yaşayış binasının tikintisi zamanı mənimsənilib. Mənimsəmə 2015-2018-ci illərdə baş verib.

Hökmdən narazı qalan Səfərli apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra Vüqar Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.