Accessibility links

Prokuror Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbərinə 11 il həbs istəyib


Vüqar Səfərli və Əli Həsənov
Vüqar Səfərli və Əli Həsənov

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə verilən ittihamların məhkəmə baxışı zamanı təsdiqini tapdığını bildirərək Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİFDF) keçmiş rəhbəri Vüqar Səfərlinin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror cinayət işi üzrə təqsirləndirilən digər şəxslər - Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə, prokurorluq cinayət işi üzrə təqsirləndirilən Təhminə Yaqubovaya 6 il şərti cəza verilməsini istəyib.

Dövlət ittihamçısı çıxışında Səfərli və bir neçə başqa təqsirləndirilən şəxsin əmlakları ilə bağlı məsələyə də toxunub. Prokuror bildirib ki, üzərində həbs olan əmlaklar müsadirə edilməli, dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.

Müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti məhkəmə prosesi dekrabrın 14-nə təyin edilib.

Dövlət ittihamçısının çıxışı ilə bağlı hələlik təqsirləndirilən şəxslərin ailəsi və vəkillərindən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Vüqar Səfərli ötən il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən çıxarılıb.

Rəsmi məlumata görə, istintaq işində dövlət satınalmalarına dair qanunvericiliyin tələblərini pozmaq, tikinti normalarına əməl olunmamaqla iş həcmlərini və qiymətləri şişirtməkdən bəhs edilir.

Habelə, cinayət yolu ilə əldə edilən 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yarandığı iddia edilir:

Vüqar Səfərli və digərlərinə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla ), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib.

Bu ilin əvvəlində - yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən bu fondun əvəzində "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb.

XS
SM
MD
LG