Accessibility links

Səfərlinin dediyi bloqer danışır: 'Şərhlər də öncədən razılaşdırılmış olurdu'


Vüqar Səfərli
Vüqar Səfərli

20 milyon manatdan artıq dövlət vəsaitinin yeyintisi, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılmasında suçlanan Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində bir sıra yüksəkvəzifəli şəxslərin adlarını çəkib. Onların arasında Milli Elmlər Akademiyasının prezidenti, 25 ilə yaxın (1995-2019) Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev də var.

Səfərliyə ittiham verilən epizodlardan biri də Fondun yerləşdiyi ofis üçün əlverişsiz şərtlərlə icarə müqaviləsi bağlamasıdır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu uzun illər prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus binada yerləşib.

Səfərli dindirmə zamanı bu məsələ ilə əlaqədar bildirib ki, 2009-cu ildə Fond yarananda bir müddət metronun "İçərişəhər" stansiyasının yaxınlığında fəaliyyət göstərib. Həmin yer sahəsi kiçik bir mənzil olub. Onun sözlərinə görə, bundan öncə Əmlak Məsələləri Dövlət Komitəsi onlara şifahi şəkildə Fond üçün "8-ci kilometr"də yerləşən zirzəmini təklif edib. Münasib olmadığına görə həmin məkandan imtina ediblər.

Həsənovla məsləhətləşəndən sonra...

"İçərişəhər" metrostansiyasının yaxınlığındakı ofisin də uyğun olmadığını, əməkdaşların işləməsi üçün yerin kifayət etmədiyini vurğulayan sabiq icraçı direktor bildirib ki, 2011-ci ildə məsələ ilə əlaqədar prezidentin köməkçisi Əli Həsənovla məsləhətləşib, çünki Fonda kuratorluq edən o idi. Məsləhətləşmədən sonra da yeni ofis axtarmağa başlayıb, bu məqsədlə yenidən Əmlak Məsələləri Dövlət Komitəsinə həm yazılı, həm də şifahi qaydada müraciət edib.

"Daha sonra Əli Həsənovun xidməti otağında onunla bu barədə danışanda özünə məxsus, Yasamal rayonu, Mətbuat prospekti-23L ünvanında yerləşən binanı təklif etdi. Həmin bina əvvəllər "Azərmətbuatyayım" ASC-nin balansında olub. "Azərmətbuatyayım" ASC-nin təsisçisi isə "Kaspi Az" MMC-di. Onun da təsisçisi, yəni, sahibi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır", – ifadəsində belə deyib.

Səfərlinin dediyinə görə, o, təklif olunan binaya baxandan sonra oranı rəhbərlik etdiyi qurumun fəaliyyəti üçün məqbul sayıb. O vurğulayır ki, həmin bina Əli Həsənovun ailəsinə məxsusluğuna görə yox, yerləşdiyi yer və şəraiti münasib olduğuna görə üçüncü mərtəbədə 371 kvadratmetrlik ofis icarəyə götürüb. İcarə müqaviləsi də "Azərmətbuatyayım" ASC ilə bağlanıb.

421 kvadratlıq ofisdə kimlər oturub

Səfərli bildirib ki, icarəyə görə məbləğ hər il Fondun büdcəsi müəyyənləşdiriləndə Maliyyə Nazirliyi ilə razılaşdırılıb. Nazirlik heç vaxt onlara irad bildirməyib ki, icarə məbləği normaya uyğun deyil.

2019-cu ildə icarə müqaviləsinə dəyişiklik edilib. Əvvəllər Bilik Fondu da həmin binada yerləşirdi. 2019-cu ildə bu qurumun yerləşdiyi, ikinci mərtəbədə 421 kvadrat metrlik ofis boşalıb. Fond həmin yeri də icarəyə götürüb və bu dəfə müqavilə Şamxal Həsənovla bağlanıb. 2019-cu ildə sözügedən binanın mülkiyyətçi artıq o idi.

Səfərli deyir ki, 421 kvadratmetrlik yerin icarəyə götürülməsini ona Əli Həsənov demişdi: "Hətta məsələdən Ramiz Mehdiyevin də məlumatlı olduğunu bildirmişdi. Mənə tapşırmışdı ki, Ramiz Mehdiyevin adına bu barədə məktub yazım. Əli Həsənov demişdi ki, yeni icarəyə götürülən yerdə internet bloqerləri oturub, fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer oradakı otaqlarda oturub, qeyri-rəsmi formada fəaliyyət göstərirdi...".

"Şərhlər də öncədən razılaşdırılmış olurdu"

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Səfərlinin ifadəsində bəhs olunan bloqerlər müxtəlif saytların əməkdaşları olub. Onların işi, əsasən, sosial şəbəkələrdə hökumətin, ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinin tənqid olunduğu paylaşımlara rəy yazmaqdan ibarət olub. Onlar səhər saat 9-da işə gəlir, axşam saat 18.00-a qədər fəaliyyət göstərirdilər.

"Xüsusən Facebook-a daha çox diqqət yetirirdik. Hər birimiz çoxlu sayda saxta profillər yaratmışdıq və onların vasitəsilə şərhlər yazırdıq. Şərhlər də öncədən razılaşdırılmış olurdu. Əksər hallarda səhərlər bizə yazılı şəkildə göndərilirdi. Ona görə də çox vaxt tamamilə eyni olan cümlələr müxtəlif profillərin adından rəylərdə yazılırdı", – orada fəaliyyət göstərmiş şəxslərdən biri belə deyir.

Onun sözlərinə görə, hamı bu işlə məşğul deyildi. Bəziləri də tapşırılan konkret mövzu üzrə material hazırlayırdı: "Prezident Administrasiyası müəyyənləşdirirdi ki, bu günün mövzusu nədir. Səhər tapşırıq verilirdi, bir neçə nəfər də o mövzuda material hazırlayırdı. Həmin material müxtəlif hökumətyönlü saytlarda, telekanallarda yayılırdı".

Azərbaycan hakimiyyətinin sosial şəbəkələrdə ictimai-siyasi fəallara qarşı trol şəbəkəsindən istifadə etməsi indiyədək bir neçə dəfə gündəmə gəlib. Britaniyada çıxan "The Guardian" qəzeti bu ilin əvvəlində hakim YAP partiyasına bağlı hesabların Facebook-da qısnama kampaniyası aparmasından yazmışdı. YAP isə bunu təkzib etdi, bildirdi ki, 760 min üzvləri var və bu qədər üzvünün olması partiyanın trol qrupları saxladığını deməyə əsas vermir.

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. 2020-ci ilin yayında həbs olunan Səfərli və daha 10 nəfərin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səfərli hələlik məhkəmədə ifadə verməsə də, ittihamlara münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb.

Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG