Təbriz Tibb Elmləri Universitetinin rektoru Bəhmən Nağıpur İran mediasına müsahibəsində deyib ki, ölkədə tələbələrin kütləvi zəhərlənməsi fonunda Şərqi Azərbaycan vilayətində 789 məktəb şagirdi zəhərlənib.
Bəhmən Nağıpur qız məktəblərində tələbələrin zəhərlənməsi ilə bağlı məlumat vermək vəzifəsinin "Böhran Qərargahı"na aid olduğunu və digər qurumlara bu məsələ ilə bağlı şərh və məlumat verməyə icazə verilmədiyini irəli sürüb.
Onun sözlərinə görə, məktəblər səhiyyə müəssisəsinə müraciət edərək, ekspert göndərib, məktəblərdə yoxlama aparmasını istəyirdilər, “ancaq ciddi narahatlıq yaratmamaq üçün əvvəlcə bir qrup gedirdi, lazım gəldiyində, digərlərindən kömək istəyirdilər”.
Bəhmən Nağıpurun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində 789 şagirdin müalicəyə ehtiyacı olub, onlardan 135-i ambulator müalicə alıb, 659-u ailə və ya digər avtomobillərlə xəstəxanalara götürülüb. Təbriz Tibb Universitetinin rektoru bunu da bildirib ki, vilayətdə zəhərlənən şagirdlərdən 32-nin vəziyyəti ağır olub.
O, vəziyyəti ağır olan tələbələr barədə deyib ki, "bir neçə saatlıq müalicədən sonra onların vəziyyətləri stabilləşib və bədənlərində heç bir fəsad qalmayıb."
Həmin rəsmi də digər qurumların rəsmiləri kimi zəhərləyici maddənin növünün müəyyən edilmədiyini və bu haqda hesabatın gələcəkdə yayımlanacağını açıqlayıb.
İran mediasında da məktəblərdə zəhərlənən qız şagirdlərin sayı ilə bağlı natamam, bəzən isə ziddiyyətli məlumatlar dərc edilir. Bəzi məlumatlara görə, martın 2-də Ərdəbil vilayətində bir gündə 400-ə yaxın tələbə qız zəhərlənib.
Hələ ki, ölkə və vilayətlər üzrə zəhərlənən tələbələrin sayı ilə bağlı hərtərəfli və dəqiq hesabat yayımlanmayıb. Buna görə də, müxalif qüvvələr və insan hüquqları müdafiəçiləri hakimiyyəti təqsirləndirir və ya ən yaxşı halda, hökuməti dəqiq hesabat yayımlanmadığına görə tənqid edirlər.
SEE ALSO: Jalə Təbrizli: İran höküməti qızların məktəbdən qorxmasını istəyirBMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman, başqa yeddi ekspert və BMT-nin Uşaq Hüquqları Komitəsi ilə birlikdə martın 16-da verdiyi bəyanatda, İranda tələbə qızların kütləvi şəkildə zəhərlənməsindən narahat olduqlarını bildiriblər.
Ekspertlər bildiriblər ki, “dinc nümayişçilərin saxlanılıb, həbs edilməsi üçün sürətlə güc tətbiq edilməsi ilə İranda gənc qızlara qarşı aylardır davam edən irimiqyaslı, koordinasiyalı hücumların səbəbkarlarını müəyyən edib həbs etmək üçün acizlik arasında kəskin ziddiyət var”.
İranda qız məktəblərində zəhərlənmə halları bəziləri tərəfindən hökumətin keçən il Məhsa Əminin məcburi hicab qaydalarına düzgün əməl etmədiyi iddiası ilə saxlandıqdan sonra polis nəzarətində ölümündən sonra baş qaldırmış hökumət əleyhinə etirazlarda öndə gedən qadınlar və gənc qız tələbələrin rejim tərəfindən cəzalandırılması kimi qiymətləndirilir.