Martın 16-da yerli vaxtla saat 15:17-də və ümumdünya vaxtı ilə saat 11:47-də İranın Qərbi Azərbaycan vilayətinin şimalında yerləşən Xoy şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) saytının məlumatına görə, zəlzələ Təbriz, Tufarqan (Azərşəhr), Salmas və Urmiyə şəhərləri ilə yanaşı, Türkiyənin Van şəhərində də hiss olunub.
Azərbaycan Respublikasının mətbuatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən zəlzələnin Naxçıvanda da hiss olunduğunu qeyd edib.
İran mediası bu zəlzələnin 16 kilometr dərinlikdə baş verdiyini bildirir. Vilayətin Qızıl Aypara Cəmiyyətinin yeni rəhbəri Sadiq Mahmudi bildirib ki, zəlzələnin dərinliyinin çox olduğuna görə hər hansı dağıntı olacağı gözlənilmir.
Xoy meri Zəbihullah Kazımi də zəlzələnin baş verdiyi bölgəyə 15 araşdırma qrupunun göndərildiyini elan edib və rəsmi dövlət agentliyi İRNA-ya bu zəlzələdə tələfat və dağıntının olmadığını bildirib.
Kazımi İSNA xəbər agentliyinə verdiyi son açıqlamada zəlzələ bölgəsində binalara çatlama səviyyəsində cüzi ziyan dəydiyini bildirib.
Keçən yanvar ayının 28-də Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş vermişdi.