Ananın İran prezidentinə müraciəti: Qapısına sevgi ilə gələn gənci belə qarşılamazlar

Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)

Fevralın 20-də İrana səfər edən Almaniyanın Yena Universitetinin tələbəsi, Azərbaycan vətəndaşı Fərid Səfərlinin taleyindən hələ də xəbər yoxdur.

Bu barədə Fərid Səfərlinin Almaniyada olan anası Dilarə Əsgərova martın 15-də Amerikanın Səsinə müsahibəsində bildirib.

Your browser doesn’t support HTML5

Ananın İran prezidentinə müraciəti: Qapısına sevgi ilə gələn gənci belə qarşılamazlar

"Dünən, martın 14-də İranın Almaniyadakı səfirliyində oldum. Oğlumla bağlı məsələyə aydınlıq gətirilməsini istədim. Əlaqədar şəxs mənə heç bir məlumatlarının olmadığını bildirdi. Mən ona dedim ki, anayam, sizin də övladlarınız var, sadəcə oğlumla bağlı məlumat bilmək istəyirəm ki, sağdır, tutulub, başına nə iş gəlib? Bəlkə həyatda deyil, niyə məlumat vermirsiniz? Sadəcə bunu bilmək istəyirəm. O mənə dedi ki, əgər uşağınız həyatda olmasa idi İran hökuməti çoxdan məlumat verərdi. Yəqin ki, həyatdadır. Dedi ki, başqa heç bir məlumat verə bilməz. Azərbaycan səfirliyinə müraciət etməyimi məsləhət bildi", Əsgərova Amerikanın Səsinə müsahibəsində qeyd edib.

O deyib ki, İran səfriliyində görüşdən sonra martın 14-də Berlində Azərbaycan səfirliyində olub.

"Azərbaycan səfirliyində də təzə bir məlumat olmadığını bildirdilər. Dedilər ki, cavab gözləyirlər".

Dilarə Əsgərovanın sözlərinə görə, Almaniya polisi də araşdırma aparır.

"Almaniya Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Bu gün, martın 15-də polisdə oldum. Dedilər ki, Almaniya polisi "Pegasus" aviaşirkətinə Fəridin uçuşları ilə bağlı müraciət edib. Aviaşirkət cavab verdikdən sonra oğlumun hansı ölkədə olduğu ilə bağlı araşdırma aparılacaq", o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Almaniyadakı səfirliyi ciddi olaraq Fərid Səfərlinin taleyinin müəyyənləşdirilməsi ilə bağlı iş aparır.

"Amma Xarici İşlər Nazirliyi və Almaniyadakı səfirlik bir nəticə əldə edə bilməsə, yəqin ki, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edəcəm. Amma Xarici İşlər Nazirliyi və Almaniyadakı səfirlik bu işlə ciddi məşğuldur. İnanıram ki, bir nəticə əldə olunacaq".

Ana bu günlərdə Amnesty İntensational hüquq-müdafiə təşkilatına və Almaniyanın Xarici İşlər Nazirliyinə, həmçinin Türkiyə hökumətinə müraciət edəcəyini deyib.

"Oğlum Türkiyə üzərindən İrana gedib. Düşünürəm ki, Türkiyə hökumətinə müraciətimin də faydası olar".

Dilarə Əsgərova Amerikanın Səsi vasitəsi ilə İran prezidentinə, İran hökumətinə də müraciət edib.

"Qapısına sevgi ilə gələn gənci belə qarşılamazlar. Mən çox təəssüf edirəm ki, ürəyi sevgi ilə dolu bir gənc qonaq gəlmişdi, onu belə qarşıladılar. Oğlum neçə gündür yoxa çıxıb. Balanı anadan ayırmaq, heç bir məlumat verməmək, mən bunu islami dəyərlərə, insan haqlarına zidd hesab edirəm", ana İran prezidentinə müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə martın 15-də Amerikanın Səsinə bildirib ki, Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Azərbaycandakı səfirliyinə təqdim etdiyi notaya hələ cavab verilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatına görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

"Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir", Ayxan Hacızadə yerli medianın sualının cavabında bildirib.

Öz növbəsində, Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid kimliyi ona məlum olmayan Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub.

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.

Əsgərova bildirib ki, martın 6-da və 10-da oğlunun telefonunun açıq olduğu görünüb.

"Fəridin telefonu bir anda açıldı. Onun teleqram nömrəsində də telefonunun açıq olduğu göründü. Mən dərhal zəng etdim, lakin telefonu götürən olmadı", Fərid Səfərlinin anası Amerikanın Səsinə deyib.