Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi siyasi partiyaların yenidən qeydiyyatı ilə bağlı yarana biləcək problemlərdən, o cümlədən partiyanın atacağı növbəti addımlardan danışıb.
Amerikanın Səsi: “Siyasi Partiyalar haqqında” qanun artıq icra qüvvəsinə minib. Sizin partiya da daxil olmaqla bütün siyasi partiyalar 180 gün ərzində yenidən qeydiyyatdan keçməlidir. AXCP bu istiqamətdə hansı işlər görür?
Seymur Həzi: Azərbaycan Xalq Cəbhəsi Partiyası uzun müddətdir növbəti qurultayına hazırlaşır. Yeni qanunun qəbul edilməsi ilə bağlı biz müzakirələr aparmışıq. Bildirmişik ki, bu qanun Venesiya Komissiyasının prinsiplərinə, kriteriyalarına uyğun deyil. Çünki Avropa Şurası məkanında belə bir mürtəce siyasi partiyalar haqqnda qanun olması demək olar ki, Avropa hüquq, siyasi məkanından uzaqlaşmaq deməkdir. Bu konkret olaraq Çin modelinə yaxın bir qanundur. Bununla belə AXCP siyasi fəaliyyətini davam etdirir. Növbəti qurultayına hazırlaşır. Hətta yeni mürtəce qanunun birinci fəslində göstərilən müddəalara əməl olunmur. AXCP-nin məclisinin toplantılarına, ali orqanların toplantılarına şərait yaradılmır. Bu da onu göstərir ki, istənilən halda hökümət əsas müxalifət partiyasının fəaliyyətində maraqlı deyil.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Yeni qanunda siyasi partiya üzvlərinin reyestri tələb olunur. Sizcə bu tələb müxalif siyasi partiyalar üçün əlavə problemlər yarada bilərmi?
Seymur Həzi: Bu reyestr tələbi ümumiyyətlə siyasi fəaliyyətin sərbəstliyinə, ifadə azadlığına və siyasi fəaliyyətin toxunulmazlığına uyğun gəlməyən bir tələbdir. Bu tələb konkret olaraq bayaq adlarını çəkdiyim Venesiya Komissiyasının əsas prinsiplərindən birinə ziddir. Bunu açıq şəkildə demək istəyirəm ki, hökümət bu tələbi “Siyasi Partiyalar haqqında ” qanuna salmaqla AXCP-nin və digər müxalifət partiyalarının üzvlərinin reyestr siyahısını əldə eləyib onlara təqib və təzyiq siyasətini həyata keçirmək istəyir. Bu Azərbaycanda siyasi fəaliyyət üçün bir anatomik təhlükədir.
Amerikanın Səsi: Üzvlərin sayı ilə bağlı tələb müxalif siyasi partiya rəhbəri olaraq sizi qane edirmi? Partiyanız qeydiyyatdan keçməzsə rəhbərlik etdiyiniz siyasi təşkilatın fəaliyyəti necə nizamlanacaq?
Seymur Həzi: AXCP Azərbaycan xalq hərəkatından çıxmış, xalqı demokratik ənənələrə gətirən və bu demokratik ənənələrin yaşaması üçün mübarizə aparan partiyadır. Onlar bütün hüquqi və demokratik vasitələrdən istifadə edib siyasi fəaliyyətlərini davam etdirəcəklər. O cümlədən AXCP rəhbərliyi də bu istiqamədə əzmlidir. Biz siyasi fəaliyyətimizi ikinci plana keçirtmək fikrində deyil. Bundan sonra Avropa məhkəməsinə qədər gedəcəyik. Avropa Şurasının Nazirlər Komitəsinin müvafiq tövsiyə və qərarlarını əsas götürərək fəaliyyət göstərəcəyik. Çünki bu Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasında olan bir məsələdir. Azərbaycan hökümətinin götürdüyü siyasi öhdəliklərin içərisində olan məsələlərdən biridir.
Amerikanın Səsi: Siyasi partiyalara edilən ianələrlə bağlı da yuxarı hədd müəyyən edilib. Sizcə xüsusilə seçki dövründə bu maliyyə vəsaiti ilə siyasi partiya seçkilərdə öz fəaliyyətini nizamlaya bilərmi?
Seymur Həzi: Üzvlərinin sayı məsələsi, ianə məsələsi burada aşağı-yuxarı hədd ola bilər, şəffaflıq ola bilər. Əgər pul sağlam mənbədən gəlirsə, ianəni ötürən şəxs onun mənbəyini açıqlayırsa, iş adamıdırsa, heç bir qeyri-qanuni mənbələrdən maliyyəlşmirsə, heç kim bir başqasına sərhəd qoya bilməz ki, o siyasi təşkilatlara necə yardım edir. Bununla belə mən bildirmək istəyirəm ki, hətta əvvəlki “Siyasi Partiyalar haqqında” qanun fəaliyyətdə olduğu dövrdə cüzi maliyyə yardımlarına görə AXCP-yə yardım edən şəxslər ağır cəzalara məhkum olunmuşdular. Bu isə konkret olaraq qanunlu və yaxud qanunsuz şəkildə siysi müxalifəti sıradan çıxarmaq və ölkədə təkpartiyalı siyasi sistemi yaratmaq cəhdidir.
Qeyd: Seymur Həzinin dedikləri ilə bağlı rəsmi şəxslərdən hələ şərh almaq mümkün olmayıb. Azərbaycan rəsmiləri bir qayda olaraq “Siyasi partiyalar haqqında” qanunun demokratik nornmalara uyğun olduğunu, siyasi fəaliyyəti məhdudlaşdırmadığını bildirir. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin edildiyini bəyan edir.