Martın 10-da paytaxt Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun martın 13-də yaydığı məlumatda deyilir.
Məlumata görə, 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar Quliyev şəxsi münasibətlər zəminində Nicat Əkbərovu öldürmək istəyiblər. Bu məqsədlə qanunsuz silah əldə ediblər. Amma Nicat Ələkbərov atəşdən yayına bilib. Təsadüfən hadisə yerində olan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov və 2002-ci il təvəllüdlü Fəqan Rəhimli odlu silahdan açılan atəşdən müxtəlif xəsarətlər alıblar.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron və gilizlər eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdiyi və nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirlir.