Martın 4-də Bakının Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində inkassatorlara silahlı basqın olub. Silahlı hücum nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Faktı hüquq mühafizə orqanları təsdiq edib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hazırda hadisə yerində əməliyyat-axtarış qrupu işləyir.
Baş Prokurorluğun Mətbuat xidmətinin ilkin məlumatına görə, Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.
Hadisəni əks etdirən video görüntü sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, inkassatorlar hipermarktin girişindəki bankomatdan pulları götürərkən iki silahlı şəxs anidən onlara atəş açıb. Nəticədə inkassatorlara keşik çəkən polis hadisə yerində ölüb. Digər şəxs isə yaralanıb.
Bu zaman hadisəni törədən silahlı şəxslər inkassatorların pulla dolu çantalarını götürərək hadisə yerindən uzaqlaşıb.