Accessibility links

Bravo hipermarketində silahlı insidentlə bağlı bir neçə nəfər saxlanılıb


Bravo hipermarketində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılarkən
Bravo hipermarketində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılarkən

Bravo hipermarketində silahlı insident törədənlərdən biri polis tərəfindən öldürülüb, digər bir neçə nəfər isə saxlanılaraq istintaq orqanına təhvil verilib.

Bu barədə Amerikanın Səsinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Mətbuat xidməti saxlanılan şəxslərin adlarını açıqlamayıb və bu barədə əlavə məlumat veriləcəyini bildirib.

Daxili İşlər Nazirliyi daha öncə cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri Ruhlan İsmayılovun Bakının Səbail rayonunda saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərərkən öldürüldüyü barədə məlumat yayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank Kommersiya Bankı" ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Məlumatda deyilir ki, hadisənin hipermarketdə banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

İlham İsmayıl
İlham İsmayıl

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Amerikanın Səsinə bildirib ki, polis vaxtında və əlavə insan itkisi olmadan hadisəni törədən silahlı şəxləri zərərsizləşdirə bilib.

"Yayılmış videoların təhlili Bravo hipermarketində inkassatorlara silahlı hücumun əvvəlcədən planlaşdırılmış, uzun müddət müşahidə aparıldıqdan sonra həyata keçirildiyini deməyə əsas verir. Bu, quldurluq hadisəsidir. Burada terror və təhlükəsizliyə təhdidlə bağlı bəzi ekspertlərin dedikləri görünmür. Çünki terror siyasi təzyiq vasitəsidir, məqsəd terror və təhlükəsizliyə təhdid olsa idi silahlı şəxs daha çox insanın ölümünə səbəb olan hərəkətlərə baş vurardı. Avtomat silahın və tapançanın ələ keçirilməsinə gəlincə Azərbaycan son onilliklərdə iki müharibə aparmış ölkədir. Burada döyüş silahlarının ələ keçirilməsi və ya satın alınması faktı elə də çətin görünən deyil", təhlükəsizlik məsələləri üzrə ekspert qeyd edib.

Onun fikrincə, baş vermiş hadisə inkassatorların, onların olduğu avtomobillərin və pulların toplandığı məkanların təhlükəsizlik məsələlərinə yenidən baxılmasını zəruri edir.

XS
SM
MD
LG