Azərbaycanda su ehtiyatları azalır, suyun qiyməti artırıla bilər

Su bəndi

Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 faiz azalacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.

"Azərbaycanın su ehtiyatlarının 70 faizi ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik," Kərimov bildirib.

Nazir müavini ölkənin əsas su tutumlu çayı olan Kür çayında son aylarda suyun səviyyəsinin kəskin azalması barədə danışarkən bildirib ki, vəziyyət elə də qorxulu deyil, lakin narahat olmağa əsaslar var.

“Son illərdə Gürcüstandan daxil olan suyun həcmi 5-6 milyard kubmetr həcmindədir. Bir məsələni qeyd edim ki, İsrailin ərazisi Azərbaycan boydadır. Onlarda su ehtiyatı 2 milyard kubmetrdirsə, bizim 25 milyard kubmetr su həcmimiz var. Buna baxmayaraq, İsrail dünyaya ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ölkələr siyahısındadır. Biz də sudan qənaətlə istifadə etməliyik,” o, qeyd edib.

Bu arada "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov deyib ki, içməli suyun qiymətinin gələcəkdə artırılması üçün "Azərsu" ASC təşəbbüslə çıxış etmək istəyir.

O bildirib ki, suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir.

"Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər," o, qeyd edib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məlumaqtına görə, qlobal iqlim dəyişiklikləri səbəbindən ilin isti aylarında Kür və Araz çaylarının sululuqlarının azalması, dağ çaylarının böyük əksəriyyətinin isə tamamilə quruması müşahidə olunmaqdadır.

"Keçmiş illərə nəzər salsaq görərik ki, Mingəçevir su anbarına çoxsululuq dövrlərdə daxil olan su həcmi 15-16 milyard kubmetr, azsululuq illərində 8-9 milyard kubmetr olsa da, son illərdə bu göstərici 6-7 milyard kubmetrə qədər azalıb. Proqnoz məlumatlara əsasən ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalması gözlənilir".

Müstəqil ekspert Vahid Məhərrəmli hesab edir ki, qısa müddətdə ciddi tədbirlər görülməsə Azərbaycanı fəlakət gözləyir.

"Dünyada iqlim dəyişikliyi baş verib və bu səbəbdən də yalnız Azərbaycanda deyil, bir sıra ölkələrdə su qıtlığı yaranıb. Azərbaycan su ehtiyacının 70 faizini Kür və Araz çayların hesabına ödəyir", o Turan agentliyinə bildirib.

Onun sözlərinə görə illər əvvəl ölkənin 33 milyard kubmetr su resursu var idi, onun 23 milyard kubmetri Kürdən və Arazdan gəlirdi.

"İndi isə bu ehtiyatlar bir neçə dəfə azalıb.. İllər əvvəl dağlarda qar intensiv əriməyə başladı, üstəlik də qar daha az yağır və hazırda demək olar ki, dağlarda qalmayıb. Digər tərəfdən Türkiyə və Gürcüstan Kürün başlanğıcında öz suya tələbatını ödəmək üçün böyük su anbarlarını yaradıblar. Azərbaycana gələn su ona görə də kəskin şəkildə azalıb".

Ekspert qeyd edib ki, Azərbaycan əhalinin artdığı üçün ərzaq tələbatı da artıb.

"Ona görə əkin əraziləri genişləndirilib. Son 20 il ərzində əkin sahələri 400 min hektar artıb. Amma oliqarx məmurlar əkin ərazilərini örüş sahələrinin hesabına artırıb, orada suvarma işini həyata keçirir. Bununla da onlar kəndlinin onsuz da azalmış suyunu əlindən alırlar," o deyib.