Accessibility links

Daşqınlara məruz qalan Pakistan ərzaq çatışmazlığı ilə üzləşib


Ölümcül daşqınların yoxsul ölkənin kənd təsərrüfatı zonasını su altında qoymasından sonra ərzaq qıtlığı ilə mübarizə aparan Pakistanın Baş naziri Türkiyə prezidentinə telefon söhbəti zamanı deyib ki, bazar ertəsi rəsmilər ərzaq, çadır və digər əşyaların çatdırılması üçün səyləri artırıb.

Şahbaz Şərif gecə saatlarında Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğana zəng edərək, Türkiyənin Qızıl Aypara Təşkilatının 12 hərbi təyyarə, 4 qatar və yük maşınları ilə ərzaq, çadır və dərman göndərdiyinə görə təşəkkür edib.

Hökumətin bəyanatında deyilib ki, Şərif Ərdoğana hökumətin yardım fəaliyyətləri haqqında məlumat verib və ərzaq çatışmazlığını aradan qaldırmaq üçün Türkiyədən yardım istəyib. Şərif eləcə də Türkiyədən daşqınlardan zərər çəkmiş ərazilərdə yenidənqurma işləri ilə bağlı da yardım istəyib.

Ölkə boyu qadın və uşaqlar da daxil olmaqla, daşqınların evlərinə ziyan vurduğu 660 mindən çox insan yardım düşərgələrinə və müvəqqəti evlərə yerləşdirilib. Pakistan ordusu, BMT agentlikləri və yerli xeyriyyə təşkilatları daşqın qurbanlarını ərzaqla təmin edir.

Pakistan əsasən öz kənd təsərrüfatından asılıdır və vaxtaşırı artıq qalan buğdasını Əfqanıstana və digər ölkələrə ixrac edir. Hazırda isə daşqınlardan birbaşa təsirlənməyən insanlar da daxil olmaqla, çox ehtiyac duyulan buğda və tərəvəzin idxalı ilə bağlı danışıqlar aparılır.

Tərəvəz və digər ərzaq məhsullarının qiyməti artmağa başlayıb.

Keçən həftəyə qədər sel suları ölkənin şərqindəki Pəncabın kənd təsərrüfatı zonasını və ərzağın əsas istehsalı olan cənub Sind vilayəti də daxil olmaqla, Pakistanın təxminən üçdə birini əhatə edirdi. Pakistan ilkin olaraq daşqınların 10 milyard dollar ziyan vurduğunu bildirsə də, rəsmilər zərərin ilkin hesablamalardan çox olduğunu təxmin edir. Bu, Pakistanı və Birləşmiş Millətlər Təşkilatını beynəlxalq ictimaiyyəti daha çox yardım göndərməyə çağırmağa məcbur edib.

Buna cavab olaraq, BMT agentlikləri, ABŞ və müxtəlif ölkələr Pakistana 60-dan çox yardımla dolu təyyarə göndərib. Keçən həftədən bəri isə Vaşinqton ərzaq çatdırmaq üçün üç hərbi təyyarə göndərib.

ABŞ Xarici İşlər Nazirliyinin bəyanatına görə, yardım daşıyan daha üç hərbi təyyarə bazar ertəsi Pakistanın daşqından ən çox zərər çəkmiş cənub Sind vilaytətinə eniş etməli idi.

Vaşinqton bir neçə gün əvvəl daşqınlardan zərər çəkmiş Pakistana humanitar hava körpüsü qurub və sentyabrın 16-na Pakistana yardımı 20 reys vasitəsilə çatdıracaq. Rəsmilər ehtiyacı olan insanlar arasında nağd pul paylamağı da planlaşdırır.

XS
SM
MD
LG