Accessibility links

Cavid Qara: Su ehtiyatlarından səmərəsiz istifadə ekoloji balansı pozar


Ətraf mühit siyasəti üzrə ekspert Cavid Qara Amerikanın Səsinə müsahibəsində Azərbaycanda su ehtiyatlarının idarə edilməsi, quraqlıq və daşqın risklərindən danışıb.

Cavid Qara: Su ehtiyatlarından səmərəsiz istifadə ekoloji balansı pozar
please wait

No media source currently available

0:00 0:15:37 0:00


Amerikanın Səsi: Rəsmi məlumatlara görə Azərbaycanın yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir. Sizcə ölkənin su ehtiyatları əhalinin içməli su, əkin sahələrinin suvarma suyu ilə təchizatı üçün bəs edirmi? Sizcə suyun idarə edilməsində yeni yanaşma necə olmalıdır?

Bu ərazilərdə su ehtiyatlarından istifadə etmək üçün bizə böyük infrastruktur və qurğular lazımdır.

Cavid Qara: Burada bəs edirmi, söhbəti bir qədər nisbidir. Çünki, biz su ehtiyatlarının hamısını istifadə edə bilmərik. Bütün su ehtiyatlarını istifadə etsək, təbii ki, ekoloji balans pozulacaq və onlar bizim istifadə etdiyimiz yerlərə uyğun bərabər, proporisonal paylanmayıb. Məsələn, ən çox su istifadə edilən ərazilər Bakı şəhəri, Gəncə şəhəri və digər ərazilər, yaxud da kənd təsərrüfatında daha çox düzən ərazilərdir. Hansı ki, su ehtiyatları bu yerlərdən fərqli ərazilərdə cəmləşib.Bu ərazilərdə su ehtiyatlarından istifadə etmək üçün bizə böyük infrastruktur və qurğular lazımdır. Bu isə böyük miqdarda maliyyə vəsaitləri və təbiətə müdaxilə deməkdir. Ona görə təsərrüfat fəaliyyətlərini mümkün olan qədər azaltmaq və su ehtiyatlarına uyğun təsərrüfat fəaliyyətləri qurmaq lazımdır.

Amerikanın Səsi: Ölkənin regionları arasında su təchizatı sahəsində hansı işlər görülüb? Ekspertlərin rəyinə görə, quraqlıq və ekoloji balansın pozulması nəticəsində son illərdə Xəzərin suyu Kür çayı boyunca irəliləyir və çoxasylı problemlər yaradır. Vəziyyətdən çıxış yolu nədir?

Duzlu su Kür çayının hövzəsində şoranlaşmaya gətirib çıxaracaq.

Cavid Qara: Orada iki fərqli sual var. Hansı işlər görülüb? Təbii ki, yeni su kanalları çəkilib, yeni su anbarları tikilib. Məsələ ondadır ki, yeni su kanalları, su anbarları problemi kökündən həll edə bilmir. Çünki ardıcıl olara quraqlıq davam edir və su sərfiyyatı artır. Bu, təkcə bizim ölkədən asılı deyil. Su Kür və Araz çayları vasitəsi ilə başqa ölkələrdən bizim ölkəmizə gəlir. O hövzələrdə Gürcüstan, Ermənistan, Türkiyə sudan daha çox istifadə etdikcə bizə daxil olan suyun səviyyəsi azalır. Ona görə kiçik regional layihələr propblemi həll etmək iqtidarında deyil. Sadəcə olaraq problemi lokal ölçüdə həll edə bilir. Kür çayı ilə bağlı problem də eynidir. Kür çayının yuxarı hövzəsində olan ölkələr daha çox sudan istifadə edir. Aşağı hövzədə isə biz də sudan əvvəlkindən daha çox istifadə edirik. Bu, üst-üstə quraq dövrlərdə Kürün suyunun Xəzərə çatmamasına səbəb olur. Bu, ekoloji balansın pozulmasıdır. Xəzər dənizindən duzlu su Kürün hövzəsinə qayıdır. Çünki Kürün təzyiqi imkan vermir ki, duzlu suyu geri qaytarsın. Duzlu su Kür çayının hövzəsində şoranlaşmaya gətirib çıxaracaq. Bu, son illər artıq bir neçə dəfə təkrar olunub. Qarşıdakı illərdə təkrar olunmaqda davam edəcək. Çünki, bunun davam etməməsi üçün heç bir strategiya yoxdur. Davam etməyəcəyi barədə də hər hansı ümid yoxdur. Bu, həmin ərazilərin şoranlaşmasına səbəb olacaq. Bu isə uzunmüdədtli dövrdə həmin regionun regional köçlə nəticələnməsinə gətirib çıxara bilər. Çünki, artıq insanlar orada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmirlər. Bir müddətdən sonra o ərazilər ancaq qış otlağı üçün yararlı olacaq. Yaxud, məhdud ölçüdə şəhər həyatı üçün istifadə oluna bilər. Çünki kənd təsərrüfatına yararsız yerlərə çevriləcək.

Amerikanın Səsi: Bəs, ölkədə inşa edilmiş su anbarları, su kanalları, artezian quyuları və suvarma infrastrukturu suvarma sistemlərinin idarə edilməsi və içməli suya ehtiyacların təmin olunmasında hansı rol oynayır?

Su təsərrüfatı birləşmiş qablar qanunu kimidir. Biz nə qədər artezian quyusu vursaq da, kanal çəksək də, sadəcə problemin istiqamətini dəyişə bilirik.

Cavid Qara: Su təsərrüfatı birləşmiş qablar qanunu kimidir. Bütün suların hamısı bir-biri ilə əlaqəlidir. Biz nə qədər artezian quyusu vursaq da, kanal çəksək də, sadəcə problemin istiqamətini dəyişə bilirik. Bu ərazidə su problemini həll edə bilərik, başqa ərazidə quraqlığa səbəb ola bilərik. Ona görə də burada daha kompleks yanaşma tələb olunur. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildi və yüzlərlə artezian quyusu vuruldu ki, Bakının su problemi həll edilsin. Amma həmin artezian quyuları artıq Oğuz bölgəsində ciddi quraqlığa səbəb olub. Hər növbəti il bu, özünü daha kəskin göstərəcək. Eləcə də, daha lokal ölçüdə, hansısa ərazidə yeni artezian quyusu vurulursa, ətraf ərazidəki bulaqlar qurumağa başlayır. Hansısa böyük təsərrüfatlar artezian quyuları vurursa ətraf kəndlərin su təchizatına təsir edir. Bunlar zəncirvari bir-birinə təsir edir. Ona görə, daha kompleks yanaşmaq lazımdır. O cür layihələr ancaq lokal problemləri həll edə bilər.

Amerikanın Səsi: Bir neçə il öncə Mingəçevir su anbarı ilə bağlı daşqınlar nəticəsində insanlar problemlərlə üzləşib. Hazırda daşqın riskinin idarə edilməsini məqbul saymaq olarmı?

Meşələri qorumasaq daşqın riskləri daha da artacaq

Cavid Qara: Təbii ki, çünki iqlim böhranı ilə əlaqədar olaraq yağıntıların miqdarının düşməsinin bölgüsü əvvəlkinə nisbətən dəyişir. Quraq mövsümlər daha quraq olacaq, yağıntılı mövsümlər daha kəskin yağıntılarla müşahidə olunacaq. Ona görə də iqlim böhranı ilə əlaqədar olaraq daşqın riskləri daha da artacaq. Bu, xüsusilə dağ çaylarında özünü göstərəcək. Həmin ərazilərdə sel daşqınlarına qarşı mübarizə tədbirləri görülməlidir. Bunun isə uzunmüddətli dövrdə ən ucuz yolu həmin su hövzəsində olan meşələri qorumaqdır. Əgər, biz həmin ərazilərdə meşələri qorumasaq daşqın riskləri daha da artacaq. Onun qarşısını almaq üçün tikdiyimiz infrastruktur layihələri daha baha başa gələcək. Bu layihələr meşələri dağıtmaqdan əldə olunan gəlirdən dəfələrlə baha başa gələcək.

Amerikanın Səsi: Azad edilmiş ərazilərin su ehtiyatları ölkənin su təchizatına hansı töhfələr verə bilər?

Quraq mövsümdə su anbarının qarşısını kəsiblər, qış aylarında isə buraxıblar.

Cavid Qara: İnanmıram ki, bu, çox ciddi fərq yarartsın. Çünki, bu, azad etdiyimiz ərazidə təsərrüfat fəaliyyətinə imkan verəcək. Sadəcə olaraq orada ən böyük su mənbəyi olan Sərsəng su anbarı bizim nəzarətimizdə olmadığına görə çox ciddi təsir etməyəcək. Əgər onlarla bu su anbarının idarə edilməsi ilə bağlı razılaşma əldə edə bilsək, onda ciddi təsiri ola bilər. Çünki, münaqişə dövründə qarşı tərəf su anbarından həmişə bizə qarşı ətraf mühit terroru, təzyiq vasitəsi kimi istifadə edib. Quraq mövsümdə su anbarının qarşısını kəsiblər, qış aylarında isə buraxıblar. Əgər, eyni yanaşma davam etsə o istiqamətdə ciddi bir fərq yaranmayacaq. Bunu danışıqlarla həll etmək olar. Digər istiqamətlərdə axan çaylar isə Araz çayına tökülür. O çaylara nəzarəti ələ keçirmək çox ciddi fərq yaratmayacaq. Sadəcə olaraq həmin yerdə kənd təsəsrrüfatının inkişafına imkan verəcək.

Amerikanın Səsi: Tullantı sularının idarə edilməsini necə qiymətləndirərdiniz? Hətta paytaxt Bakıda belə kanalizasiya sistemi şəhər ərazisini tam əhatə etmir. Bu sahədə hansı işlər görülməlidir?

Rayon mərkəzlərinin bir neçə küçəsi istisna olmaqla kanalizasiya sistemi yoxdur. Eləcə də Bakıda ətraf ərzailərdə kanalizasiya yoxdur.

Cavid Qara: Bütün ölkədə bu sahədə vəziyyət çox pisdir, bərbad vəziyyətdədir. Rayon mərkəzlərinin bir neçə küçəsi istisna olmaqla kanalizasiya sistemi yoxdur. Eləcə də Bakıda ətraf ərzailərdə kanalizasiya yoxdur, Abşeron yarımadasında çox ciddi problemdir. Bütün kanalizasiya suları heç bir durultma, təmizləmə mexanizmindən keçmədən birbaşa dənizə, çaylara axıdılır. Bunun qarşısını almaq üçün ilk növbədə su sərfiyyatını azaltmalıyıq ki, kanalizasiya tullantıları azalsın. Amma bu, ən qısa zamanda əldə edə biləcəyimiz nəticə olar. Orta və uzunmüddətli dövr üçün təbii ki, yeni kanalizasiya xətləri çəkilməlidir. Bundan sonra isə xətlərin üzərindəki durulducu, təmizləyici qurğular yeniləndirilməlidir. Daha yaxşı olar ki, kanalizasiya suları ən azından texniki məqsədlər üçün istifadə həddinədək təmizlənsin. Yaşıllıqların suvarılmasında və yaxud hansısa texniki məqsədlər üçün zavodlarda və sairə istifadə olunsun. Bunun üçün də su sərfiyatının azaldılması üçün ən yaxşı yol suyun bütün istifadə növlərinin ödənişli olmasıdır. Proporsional olaraq ödniş tətbiq edilməlidir. Yəni, sudan nə qədər çox istifadə edirsənsə o qədər baha qiymət ödəyirsən. Müəyəyn bir limit qoyula bilər ki, o limit hər kəsin şəxsi istifadə miqdarına uyğun bir limitdir. Ailə başına, təsərrüfat başına ola bilər. Yaxud da adambaşına ola bilər. Necə ki, qazda, elektrikdə limit var, bir limit hesablanır. O limitə uyğun bir limit hesbalanır. Təbii ki, ondan artıq istifadəni daha baha qiymətə satmaq olar, suyu daha çox istifadə, israf edənlər qənaətə meylli olsunlar. Yaxud da hansısa qənaətcil texnologiyanın tətbiqində maraqlı olsunlar.

Amerikanın Səsi: Ekspertlər qarşıdakı illərin quraq keçəcəyini bildirir. Bu özlüyündə təbii su mənbələrinin, o cümlədən qrunt sularının azalması deməkdir. Bu şəraitdə ölkənin su ehtiyatlarının idarə edilməsində problemlərin aradan qaldırılması üçün nə edilməlidir?

Onlar ən məhdud su resurslarından belə qeyri-bərabər çıxış əldə edirlər. Onlar üçün belə bir təzyiq yoxdur ki, ən müasir texnologiyanı tətbiq etsinlər.

Cavid Qara: Bu, özünü daha kəskin şəkildə göstərəcək. Sadəcə, ən qısa zamanda nəticə əldə etmək üçün birinci su sərfiyyatını azaltmalıyıq. Bakı və böyük şəhərlərdə məişətdə istifadə edilən suyun azaldılması, kənd təsərrüfatında isə quraqlıq dövründə su tutumlu sahələrdən imtina etsək, hanısa ki, çox asanlıqla imtina etmək olar. Xüsusilə, bir-iki illik əkinlərdə su tutumunu azaltsaq. Sərfiyyatımızı ciddi ölçüdə azalda bilərik. Yaxud suya qənaət edən texnologiyaların tətbiqini artırmaq olar. Suya qənaət edən texnologiyalar heç zaman öz hesabına artmayacaq. Sahibkar su qıtlığı problemi ilə özü birbaşa qarşılaşmırsa, o gedib texnologiyanı tətbiq etməyəcək. Bu məsələdə problem ondan ibarətdir ki, hansılar ki, həmin texnologiyanın tətbiqinə maddi rersursu çatan şəxslər çox imkanlı insanlardır. Onlar çox imkanlı sahibkarlardır. Onlar ən məhdud su resurslarından belə qeyri-bərabər çıxış əldə edirlər. Onlar üçün belə bir təzyiq yoxdur ki, ən müasir texnologiyanı tətbiq etsinlər. Kasıblar ki, hansı məhdud resursları ilə çıxışdan əziyyət çəkirlər, onların isə bu texnologiyaları almaq imkanları yoxdur. Ona görə də sudan istifadə pullu olmalıdır. Kənd təsərrüfatında ödəniş təsəsrrüfatın sahəsindən asılı olaraq dəyişə bilər. Müəyyən bir limit qoyula bilər ki, bu limit ən müasir texnologiya ilə tətbiq olunub. Bu limit də pulsuz ola bilər. Ondan artıq istifadə edən, hansı ki, müasir texnologiyadan istifadə etmir iki qat, üç qat ödəniş edə bilər. Təbii ki, bu çür çox qəliz mexanizmi çox kiçik təsərrüfatalara tətbiq etmək olmaz. Həm onların sərfiyyatı azdır, həm də onların onu tətbiq etmək imkanları çox azdır. Onlar üçün böyük maneə yaradar. 10 hektardan böyük təsərrüfatlar üçün bu yanaşmanı tətbiq etmək olar.

Amerikanın Səsi: Bir çox ölkələrdə dəniz suyunun təmizlənməsi ilə su təchizatına töhfələr verilir. Azərbaycanda necə, bu mümkündürmü?

Əgər sonda dəniz suyunun şirinləşdirilib içməyimizə razı oluruqsa, deməli bütün təbitəin məhvinə hazırıq.

Cavid Qara: Texniki olaraq mümkündür. Sadəcə olaraq bu, çox bahalı bir prosesdir. Bu, əgər çox böyük problem yaşanarsa, ancaq içməli su tələbatının qarşılanması üçün məqbul hesab edilə bilər. Ümumiyyətlə, vəziyyət o yerə gəlib çatsa ki, biz dəniz suyunun şirinləşdirilməsinə möhtacıq, bu o deməkdir ki, artıq biz çox şeyi itirmişik. Ona görə, ona ümid edib su strategiyası qurmaq olmaz. Ona ümid etmək, o deməkdir ki, bütün təbiətin məhvinə hazırıq. Əgər sonda dəniz suyunun şirinləşdirilib içməyimizə razı oluruqsa, deməli bütün təbitətin məhvinə hazırıq. O ancaq çox məhdud şəraitdə, haradasa su infrastrukurlarından çox uzaq ərazilərdə modul tipli ola bilər. Böyük ölçüdə qurğuların quraşdırılıb ölkənin su təminatında hansısa bir pay sahibi olmasını qəbul etmək bizim üçün məqbul deyil. Bu daha çox səhra ölkələrinə xas bir yanaşmadır. Onların başqa bir seçimi yoxdur. O, həm də çox interenerji tutumlu bir sahədir. Çox enerji sərf edilir və sonradan sıxlaşdırılmış duzlu su yenidən dənizə axıdılmalıdır, özünün ətraf mühit problemləri var. Dəniz suyunun şirinləşdirilməsi zavodunun ətrafında, miqyasından asılı olaraq bir radiusda biomüxtəlifliyə çox ciddi təsiri olacaq. Çünki, o radiusda dəniz suyunun duzluluq dərəcəsini kəskin şəkildə artıracağıq. O texnologiya mürəkkəb olsa da sadə məntiqlə işləyir. Yəni dəniz suyundan duzları sıxlaşdırıb çıxarır və onu şirin suya çevirir. Yerdə qalan su daha duzlu su olur. Çox qatı duzlu suyu yenidən dənizə axıdırlar və o hövzədə duzluluq artır. Nə qədər artacaq, bu, həmin zavodun miqyasından, yerləşdiyi mövqedən və fəaliyyət müddətindən asılıdır. Dəniz cərəyanlarının həmin hövzədə suyu tənzimləməsi dərəcəsi də burada mühüm rol oynayır. Yəni, dəniz suyunun şirinləşdirilməsi uzunmüddətli çıxış yolu ola bilməz və yaxşı ssenari deyil.

XS
SM
MD
LG