Avropa İttifaqının nümayəndəsi: Bugünkü Xocalı görüşü ümidvericidir

Toyvo Klaar

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.

Toivo Klaar bu barədə Twitter paylaşımında qeyd edib.

“Bu gün Xocalıdan Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında təmaslar barədə ümidverici xəbərlər gəlib. Müzakirələrin həm aktual məsələlərə, həm də daha geniş məsələlərə yönəldilməsi yaxşı haldır,” o, qeyd edib.

Martın 1-də millət vəkili Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Rəsmi Bakı görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparıldığını bildirib.