Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin qlobal, regional, o cümlədən Cənubi Qafqaz bölgəsinə təsirlərindən danışıb.
Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi artıq bir ilə yaxındır davam edir. Bu müharibə beynəlxalq münasibətlər sistemində hansı dəyişiklikərə səbəb olub?
Fuad Şahbazov: Ümumilikdə götürdükdə bu müharibə Avropada və beynəlxalq münasibətlər sistemində mövcud olan ənənəvi təhlükəsizlik anlayışının kordinal şəkildə dəyişməsinə səbəb oldu. Ənənəvi təhlükəsizlik arxitekturası kökündən dəyişir və hələ də dəyişməkdədir. Bildiyiniz kimi İkinci Dünya Müharibəsindən sonra dünyada BMT modeli mövcud idi. Artıq bu model Ukrayna müharibəsindən qabaq da sıradan çıxmış olsa da, Ukrayna müharibəsi ümumiyyətlə göstərdi ki, mövcud olan beynəlxalq təhlükəsizlik sistemi suveren ölkələrin sərhədlərinin təhlükəsizliyinə təminat verə bilmir. Bunun da kökündən dəyişməsi lazımdır. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, nisbətən kiçik ölkələr daha böyük qonşu ölkələrin, hətta daha qlobal və yaxud regional güclərin çox asanlıqla hədəfinə çevrilə bilər. Çox destruktiv müharibənin tam ortasında qala bilər.
Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda dövlətlərarası münasibətlərə necə təsir göstərir? Regionda dövlətlərarası münasibətlərin perspektivlərini necə görürsünüz?
Fuad Şahbazov: Bu müharibə deyərdim ki, Rusiyanın Cənubi Qafqazdakı əməkdaşlıq etdiyi dövlətləri də bir fakt qarşısında qoydu. Biz bilirik ki, bütün ictimaiyyət Ukraynanı dəstəkləyir. Bu ssenaridə Rusiya aqressiya rolunda çıxış edir. Post-Sovet ölkələri, o cümlədən Cənubi Qafqaz ölkələri müəyyən bir dilemma qarşısında qalıb. Çünki onlar açıq şəkildə Rusiyanın aqressiv müharibəsini pisləyə bilmirlər. Lakin digər tərəflərdən də Ukraynanın haqlı mövqeyini müdafiə etməyə məcburdular. Bununla bağlı, məsəl üçün Azərbaycan Ukraynaya humanitar yardım göndərən dövlətdir. Digər tərəfdən biz bilirik ki, Azərbaycan Rusiya ilə münasibətlərin korlanmasının da əleyhinədir. Çünki nəzərə alsaq ki, Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesindəki rolu böyükdür. Rusiya ilə münasibətlərin korlanması prosesə ciddi şəkildə xələl gətirə bilər. Bu baxımdan Cənubi Qafqazda, belə deyə bilərəm ki, regional təhlükəsizliyə baxış, ona bir vizyon da dəyişib. Həmçinin bu o deməkdir ki, artıq yeni bir çərçivə formalaşıb. Bu çərçivədə Cənubi Qafqaz ölkələri müəyyən etməyə çalışırlar ki, haradadırlar. Rusiya əleyhinə, Rusiyayönümlü siyasətdə və yaxud daha neytral mövqedədirlər.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi region ölkələrində yaşayan azərbaycanlıların durumuna necə təsir göstərib? Onların bir qisminin Azərbaycana gəlişi ölkənən sosial-iqtisadi həyatında hansı yeniliklər yaradıb?
Fuad Şahbazov: Burada biz azərbaycanlıları vurğulayanda təbii ki, qeyd eləmək lazımdır ki, ümumiyyətlə azərbaycanlılar hər iki tərəfdə var. Yəni Rusiya ordusu sıralarında və Ukraynada vuruşan azərbaycanlılar da var. Belə deyək, müharibənin başlanması azərbaycanlılar da daxil olmaqla, Rusiyada yaşayan digər etnik azlıqların, hətta qeyri-rus millətlərin də qarşısına kifayət qədər çətinliklər qoydu, barierlər yaratdı. Biz görürük ki, Rusiyada qismən səfərbərlik qanunu çıxmasından sonra Rusiyadan böyük bir axın başladı. Bu axının böyük hissəsi rusların özü olsa da, digər qismi qeyri-rus millətlərdir, Mərkəzi Asiya, Qafqaz millətləri. Azərbaycanların yenidən ölkəyə qayıtması, həmçinin Ukrayna və Ermənistanla analoji müqayisə aparsaq görürük ki, orada müəyyən mənada ÜDM-nin artmasına səbəb olub. Çünki Gürcüstanda və Ermənistanda ÜDM çox sürətli artım müşahidə olundu. Bu müşahidəni təbii ki, iqtisadçılar onunla izah edirlər ki, həm rusların, həm də Rusiyada yaşayan həmin millətlərin nümayəndələri özləri ilə birlikdə müəyyən mənada bu ölkələrə kapital gətirməsi, orada daşınmaz əmlak almaları, hətta birbaşa investisiya edilmələri təsir edir. Azərbaycana da o cümlədən təsir edir.