Həftə sonu ölkənin şərqindəki Seversk yaxınlığında təlimlər keçirən Ukrayna qüvvələri Rusiyanın yeni hücumunun mümkün hədəflərindən birini müdafiə etməyə hazırlaşdıqlarını bildiriblər.
Müharibədən əvvəl 10,000 əhalisi olan Seversk son həftələr şiddətli döyüşlərin getdiyi Baxmutdan 35 kilometr (21 mil) şimalda və Donetsk vilayətinin digər mühüm şəhəri olan Slavyanska birbaşa marşrut üzərində yerləşir.
“Baxmutu ələ keçirsələr, biz yarımmühasirəyə düşəcəyik, çünki solda Siverski Donets çayı var və düşmən sağdan irəliləyəcək, onlar Baxmut şossesinə çatsalar, bizim yolumuz kəsilə bilər,” Seversk batalyonunun komandir müavini deyib.
Ukrayna qüvvələri Kyivin Qərb müttəfiqlərindən Rusiyanın özəl hərbi şirkəti olan Vaqner qrupunun hücumuna məruz qalan Baxmutu müdafiə etmək üçün daha müasir silahların verilməsini istəyib.
Severski müdafiə edən hərbçilərdən biri bildirib ki, onların istifadəsində olan artilleriya əsasən sovet tiplidir və atəş gücünə görə Rusiya sistemlərindən geri qalır.
“Biz öz tərəfimizdən artilleriya hücumu həyata keçirə bilərik, ruslar tərəfindən hücum isə beş dəfə güclü ola bilər,” o bildirib.
Reuters agentliyinin məlumatına görə, Baxmutun ələ keçirilməsi Rusiya qüvvələrinə daha da qərbdə Kramatorsk və Slavyanska doğru irəliləmək imkanı verə bilər.
Lakin Ukrayna və Qərb müttəfiqləri vurğulayırlar ki, vaxt və itkilər nəzərə alınmaqla, orada uğur Moskva üçün “Pirr qələbəsi” olacaq.