1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı Bəxtiyar Hacıyev 38 gündür aclığı davam etdirir. O özünün və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.
Fevralın 15-də müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşdən sonra vəkil Bxtiyar Hacıyev Amerikanın Səsinə deyib ki, fəalın vəziyyəti ağır olaraq qalır, onun çəkisi artıq 68 kiloqramdan azdır (saxlanıldığı zaman 84,5 kq idi).
"Təzyiqi və qanda şəkər səviyyəsi aşağı olduğuna görə tez-tez başgicəllənmələri olur", vəkil qeyd edib.
Fəal həmçinin darısqal, havalandırılmayan otaqda saxlanma şəraitindən və açıq havaya çıxarılmamasından şikayət edib.
"Bu gün açıq havaya çıxarmağa söz veriblər", vəkil əlavə edib.
"Bəxtiyar Hacıyev hələ də tibbi yardımdan, xüsusən qidalandırıcı maddələrlə sistem qoşulmasından imtina edir. Digər tərəfdən, Penitensiar Xidmətin Müalicə Müəssisəsində onu normal müayinə etmirlər. O, professor Adil Qeybullanın ona baş çəkməsini xahiş edib”, vəkil Hacıyevə istinadən Amerikanın Səsinə deyib.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 38 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.