Avropa İttifaqı Şurası yanvarın 23-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.
Bu barədə Avropa İttifaqının (Aİ) məlumatında deyilir.
Məlumatda deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
"Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək", məlumatda qeyd edilir.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir.
"Aİ gərginliyin azaldılması səylərini dəstəkləməkdə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq qalır" , o deyib.
Məlumatda qeyd edilib ki, missiyanın müddəti iki il olacaq.
"Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək", məlumatda qeyd edilib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bununla bağlı Twitter-də paylaşım edib.
"Biz Aİ-nın Ermənistana tamhüquqlu mülki missiya göndərmək qərarını çox alqışlayırıq. Biz missiya ilə asanlıqla əməkdaşlıq edəcəyik və onun fəaliyyətinə dəstək verəcəyik. Bu missiya regionun sülh, sabitlik və təhlükəsizliyinə töhfə verəcək" , o qeyd edib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinin sorğusuna hələ şərh verməyib.
Öz növbəsində, ötən il mətbuat konfransında Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, Avropa İttifaqı tərəfindən yeni missiyanın planlaşdırılması mərhələsi baş tutur.
"Mütəxəssislər yeni missiya ilə bağlı planlaşdırmanı həyata keçirir. Bu missiya ilə bağlı məsələlər Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Baxmayaraq ki, missiya Ermənistan ərazisindədir, ancaq missiya Azərbaycan sərhədi istiqamətində olduğu üçün Azərbaycan tərəfi ilə məlumat mübadiləsi olmalıdır", nazir qeyd edib.
Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə oktyabrın 17-də Avropa İttifaqı Şurasının açıqladığı məlumatında deyilir.
Bu qərar oktyabrın 6-da Azərbaycan prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edilib.
Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir, məlumatda deyilir.
"Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinə 40-dək Avropa İttifaqı müşahidəçisinin göndərilməsi etimadın möhkəmləndirilməsinə, həyatı təhdid edən və münaqişənin həlli prosesini təhlükə altına alan vəziyyətin sabitləşməsinə yönəlib. Bu, Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına tam sadiqliyinə bir daha sübutdur," xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Cosep Borrel bildirib.
Avropa İttifaqı müşahidəçilərinin çevik yerləşdirilməsini təmin etmək üçün onların müvəqqəti olaraq Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının tərkibindən göndərilməsi qərara alınıb,
Sənəddə monitorinq missiyasının müvəqqəti xarakter daşıyacağı və iki aydan çox sürməyəcəyi deyilirdi.