Accessibility links

Avropa İttifaqı ölkələrinin səfirləri 20 Yanvar şəhidlərini ziyarət edib


Avropa İttifaqı ölkələrinin səfirləri 20 Yanvar şəhidlərini ziyarət edib (Foto Avropa İttifaqının Azərbaycan nümayəndəliyinindir)
Avropa İttifaqı ölkələrinin səfirləri 20 Yanvar şəhidlərini ziyarət edib (Foto Avropa İttifaqının Azərbaycan nümayəndəliyinindir)

“Avropa İttifaqı (Aİ) sülh dolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır”.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter səhifəsində yazıb.

O, Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarını ziyarət etdiklərini bildirib.

“Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, o vurğulayıb.

33 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox mülki sakin yaralanıb.

İndiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərlərindən heç kim yanvar hadisələrinə görə məsuliyyətə cəlb olunmayıb.

XS
SM
MD
LG