İrandakı su böhranı İran hökumətinin və xalqının üzləşdiyi böyük problemlərdən biridir. Ekoloji ekspertlər yaxın illərdə ölkədə susuzluğun vəziyyəti ilə bağlı proqnozlar verib. Bəziləri yaxın 20 il, hətta növbəti 10 il üçün xəbərdarlıq ediblər. Bəzi nüfuzlu araşdırma qurumları, o cümlədən Ümumdünya Resurslar İnstitutu (WRI) yaxın gələcəkdə 12 Yaxın Şərq ölkəsinda su qıtlığı böhranının yaşanacağını proqnozlaşdırıblar ki, İran bu ölkələrdən biridir.
Bu hesabatların bəziləri, o cümlədən İran Məclis Araşdırmalar Mərkəzinin ölkədəki su vəziyyətinin gələcəyi ilə bağlı hesabatı göstərir ki, yaxın 10 ildə İranda adambaşına düşən su 976 kubmetr olacaq. Mütəxəssislərin fikrincə, bu rəqəmlər onu göstərir ki, ölkə üçün yaxın 10 ildə su ehtiyatlarını adambaşına bəlli bir miqdarda bölüşdürməkdən başqa çıxış yolu yoxdur.
"Ölkənin ən böyük problemi sudur"
Entekhab xəbər saytı İran Məclisi Araşdırma Mərkəzinin hesabatı ilə bağlı yazıb ki, hazırkı vəziyyət davamı etdiyi təqdirdə, ölkədə adambaşına düşən bərpa olunan şirin su yaxın on ildə min kubmetrdən aşağı düşəcək və gələcəkdə İranın mərkəzi platosundakı su gərginliyi bütün ölkəyə yayılacaq və müxtəlif vilayətlər arasında su səbəbilə qarşıdurmalar yaşanacaq.
Urmiyə Gölü Canlandırma Mərkəzinin keçmiş rəhbəri İsa Kələntəri bu yaxınlarda "Etemad" qəzetinə müsahibəsində “Ölkəmizin ən böyük problemi Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), hicab və ifadə azadlığı deyil, sudur" deyib. Kəlantəri bildirib ki, "bütün göllər, çaylar, bataqlıqlar quruyub. İqlim dəyişikliyi var, lakin İranın su istehlakı azalmaq əvəzinə günü-gündən artır". O, həmçinin yaxın 20 ildə ölkənin yeraltı su ehtiyatlarının tükənəcəyi ilə bağlı xəbərdarlıq edib və bunu "İran sivilizasiyası üçün ən böyük təhlükə" adlandırıb.
Beynəlxalq Hidrogeologiya Dərnəyinin İran bölməsinin müavini Məhəmməd Mirzəvənd Anadolu xəbər agentliyinə bildirib ki, ölkənin yeraltı su ehtiyatlarının əhəmiyyətli bir hissəsi istehlak olunub və yağıntılar normal olsa və əvvəlki illərdəki kimi quraqlıq olmasa belə, yeraltı su ehtiyatlarının istismarı olduğu kimi davam etsə, bəlkə də İranın yeraltı su ehtiyatları 20 ildən az bir müddətdə tükənə bilər.
Bununla belə bir çox araşdırma da göstərir ki, yaxın illərdə İran ciddi su çatışmazlığı böhranı ilə üzləşəcək. Belə ki, hətta son illərdə su böhranı ölkədə müxtəlif şəkillərdə öz təsirini göstərib. Buna bataqlıqların, göllərin və çayların quruması, toz-torpaq dumanları və havanın çirklənməsi səbəbindən şəhərlərdə normal həyat axının pozulması, xalqın su qıtlığı səbəbindən hökumətə qarşı etiraz aksiyaları keçirməsi, müxtəlif bölgələr arasında su ehtiyatlarının paylanması ilə bağlı qarşıdurmaların yaşanması və elektrik enerjisinin kəsilməsi daxildir.
Mərkəzi vilayətlərə körfəzdən su nəqli layihələri
Bu baxımdan İran İslam Respublikası hökumətləri ölkənin mərkəzi rezervuarında gələcəkdə su çatışmazlığı problemini həll etmək üçün dənizlərdən mərkəzi vilayətlərə su nəqli layihələrini öz planlarına daxil ediblər. Yanvarın 12-də İbrahim Rəisi hökuməti Fars körfəzindən suyun Kirman və Yəzd vilayətlərinə ötürülməsi planının ikinci mərhələsinin icrasına başlamaq haqqında sərəncam verib. Bu layihənin ikinci mərhələsi reallaşarsa, bu mərkəzi vilayətlərə 200 milyon kubmetr duzsuzlaşdırılmış su ötürüləcək.
Fars xəbər agentliyinin məlumatına görə, bu planın məqsədi ondan sənaye və kənd təsərrüfatında istifadə etmək və vilayətin ehtiyac duyduğu içməli suyu təmin etməkdir. Bu layihənin birinci mərhələsinin 80 faizinin tamamlandığı bildirilir, baxmayaraq ki, İslam Respublikası hökumətinin bu layihələrinin ətraf mühitə ziyan vuracağına inanan tənqidçiləri var.
İranın mərkəzi vilayətlərinə körfəzdən su nəqli layihələri inkişaf etdiyi bir vaxt,İran Azərbaycanında Urmiyə gölündə vəziyyət çox pisdir və İran mediası onun vəziyyətini "gölün son anları" və ya "son nəfəsləri" kimi cümlələrlə şərh edir. Bu isə İran Azərbaycanında ən çox narahatlıq doğuran ekoloji problemlərdən birinə çevrilib.
Milli fəalların su böhranına yanaşması; bərpa idarəçiliyi, yoxsa ölüm idarəçiliyi?
Khabaronline saytı keçən həftə bir xəbər yayımlayaraq, Urmiyə gölündəki vəziyyətdən məsul olan qurumların gölün vəziyyəti ilə bağlı statistik məlumatları qaldırdığını və ya bu məlumatları yeniləmədiyini bildirib.
İran Azərbaycanında milli fəallar Urmiyə gölü probleminin İran hakimiyyəti tərəfindən həll olunacağına şübhə ilə yanaşırlar. Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Əkbər Nəimi son günlərdə Azərbaycan vilayətlərində yaranan su böhranı və suyun mərkəzi vilayətlərə ötürülməsi üçün hökumətin həyata keçirdiyi layihələrlə bağlı İbrahim Rəisi hökumətini tənqid edib. Siyasi məhbus həbsxanadan ötürdüyü bir səsli mesajında bildirib ki, "Azərbaycan şəhərlərində ya su məsələsi üçün yol xəritəsi yoxdur, ya da layihələrin icra edilməsi zamanı dayandırılır".
SEE ALSO: Yerinə yetirilməmiş vəd - Urmiyə gölünə su nəql edəcək Zab kanalıHazırda 9 il 8 ay həbs cəzası çəkməkdə olan azərbaycanlı siyasi məhbus Əkbər Nəimi inqilabdan sonrakı illərdə gölün su səviyyəsinin azalma prosesinin hətta yağışlı illərində də davam etdiyini vurğulayaraq, gölün iqlim dəyişikliyi nəticəsində quruması ilə bağlı fərziyyənin rədd edildiyini qeyd edib. O, Urmiyə gölünün canlandırma layihələrinin icrasında 25%-lik irəliləyişi də tənqid edib və bildirib ki, bu əhəmiyyətsiz rəqəmlərin və bu qüsurlu proqramların çatışmazlıqlarını bərpa idarəçiliyimi yoxsa ölüm idarəçiliyi kimi qəbul etməliyik".
İran Azərbaycanında su böhranı; qəsd, yoxsa səhv
2011-ci ildə İran Azərbaycanı və türklərin yaşadığı şəhərlərdə keçirilən genişmiqyaslı etiraz aksiyalarında etirazçılar hökuməti qəsdən gölü qurutmaqda ittiham edən şüarlar səsləndirdilər və bu etirazlarda çoxlu sayda ətraf mühit fəalı və sadə vətəndaş təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq, həbs cəzasına məhkum edilib. Həmçinin siyasi fəallar, o cümlədən İslam Respublikası hökumətinə müxalif olan təşkilatlar və partiyaların nümayəndələri öz bəyanatlarında və çıxışlarında azərbaycanlıların yaşadıqları bölgə üzərində milli suverenlik məsələsini də gündəmə gətirir və hesab edirlər ki, əgər azərbaycanlılar öz regionları üzərində suverenliyə malik olsaydılar, gölün qurumasının qarşısı alına bilərdi.
Mərkəzi hökumət tərəfindən sərmayə qoyulması və Urmiyə gölü probleminin həlli ilə bağlı mərkəzi hökumətlə azərbaycanlılar arasında dərin inamsızlığın olması diqqət cəlb edir. Quraqlıq, su qıtlığının elmi idarə olunmaması və hökumətun Urmiyə gölünü bərpa etmək üçün qəsdən sərmayə qoymaqdan imtina etməsi İran Azərbaycanında su böhranı tapmacasının bir hissəsidir.
Son iki onillikdə İranda hakimiyyətə gələn hökumətlər ölkədə su böhranının idarə olunması ilə bağlı öz addımlarını müdafiə etsələr də, tənqidçilər ölkənin hazırkı su vəziyyətində ən mühüm amilin yanlış idarəetmə olduğunu deyirlər. Digər tərəfdən, ciddi su qıtlığı böhranına baxmayaraq, etnik ayrı-seçkilik problemi ilə də üzləşən ərəblərin məskunlaşdığı Əhvaz və türklərin yaşadığı Azərbaycan kimi bölgələrdə, siyasi fəallar hakimiyyəti su qıtlığı problemi və resursların idarə edilməsində ayrı-seçkilik siyasəti yürütməsinin bu bölgələrdə su böhranının yaranmasında mühüm amillərindən biri hesab edirlər.