Yanvarın 18-də "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə görüşüb.
Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, görüşdə ölkədəki insan haqlarının ümumi durumu, xüsusilə Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun səhhətində yaranmış vəziyyət əsas müzakirə mövzusu olub.
"Eyni zamanda, Almaniyadan deportasiya olunan, sonradan saxta ittihamlarla cəmiyyətdən təcrid edilən müxalif fəalların məsələsi də qeyd olundu" - deyə, o bildirib.
Görüşdə səfirin birinci katibi Marcel Vioter də iştirak edib.
İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev hazırda aclığı davam etdirir: "O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır".
Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.