Aygül Cəfərova: Qadın hüquqlarının təmin olunması üçün siyasi iradə lazımdır

Your browser doesn’t support HTML5

Aygül Cəfərova: Qadın hüquqlarının təmin olunması üçün siyasi iradə lazımdır

Feminist fəal Aygül Cəfərova Amerikanın Səsinə müsahibəsində ötən bir il ərzində Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində görülmüş işlərdən, o cümlədən məişət zəminində qadın cinayətlərinin qarşısının alınmasında yaranan problemlərdən danışıb.

Amerikanın Səsi: Yola saldığımız 2022-ci il Azərbaycanda qadın hüquqlarının təmin olunması baxımından hansı hadisələrlə əlamətdar olub? Hökümətin bu sahədəki siyasətini necə dəyərləndirərdiniz?

Aygül Cəfərova: Bu ilin yekunları ilə bağlı Qlobal Gender İndeksi yayımlanıb. Bu hesabat hər il yayımlanır. Orada ölkələrlə bağlı dörd istiqamətdə araşdırmalar aparılıb. Çox təəssüf ki, indeksdə Azərbaycan 146 ölkədən 101-ci yerdə qərarlaşıb. Bu da onu göstərir ki, Azərbaycanda qadın hüquqları, gender bərabərliyi ilə bağlı hələ daha çox iş görülməlidir. Eyni zamanda bildiyiniz kimi qadınlara qarşı hər növ ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı bir komitə var. Onlar da hər dörd ildən bir ölkələrdən hesabatlar qəbul edir və sonra tövsiyələr hazırlayır. Builki tövsiyələr daha əvvəlki tövsiyələrdən say olaraq çoxluq təşkil edir. Bu da o deməkdir ki, Azərbaycanda qadın hüquqları daha çox istiqamətdə inkişaf etdirilməlidir.

Amerikanın Səsi: Məişət zorakılığı zəminində cinaytələrin statistikası necədir? Ötən illərlə müqayisədə bu sahədə tendensiya hansı istiqamətdə dəyişib?

Aygül Cəfərova: Təəssüf ki, biz məişət zorakılığı ilə bağlı statistikanı tam olaraq dəqiq bilmirik. Bununla bağlı olan rəqəmləri hansı mənbələrdən əldə edə bilərik? Bunlar icra hakimiyyətləridir, media monitorinqləridir, daha sonra Daxili İşlər Nazirliyinin yaydığı məlumatlardır. Bu ilin 9 ayı ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, baş vermiş cinayət hadisələrinin 7 faizi qadınlara qarşı törədilib. Bu da təxminən 1800 iş deməkdir. Statistikaya görə isə hər beş hadisədən biri mediada işıqlandırılır. Bu da o deməkdir ki, statistikaları öyrənmək üçün media da bizim üçün kifayətedici qədər mənbə deyil.

Amerikanın Səsi: Məişət zorakılığı qurbanlarının müdafiəsi istiqamətində dövlət tərəfindən qaneedici tədbirlər görülürmü?

Aygül Cəfərova: Hesab edirəm ki, görülmür. Çünki, bu məsələdə dediyim kimi ən əsas monitorinqin aparılması üçün statistikaların düzgün olmağıdır. Qeydiyyatı düzgün aparılmalıdır ki, biz bilək ki, real olaraq məişət zorakılığı probleminin miqyası ölkəmizdə nə qədərdir ki, buna uyğun da effektiv siyasət həyata keçirilsin. Çox vaxt deyirlər ki, qadınlar özləri müraciət etmirlər və ya qadınlar öz hüquqlarını bilmirlər. Biz görürük ki, hüquqlarını bilən qadınlar da müraciət edəndə onlar gedib hüquqşünasla məsləhətləşir. Lazımi tədbirlər həyata keçirir. Amma onlar da maneələrlə üzləşirlər. Məsələn, sığınacaqların az olması. Azərbaycanda sadəcə üç sığınacaq var. Bu qədər əhalisi olan ölkədə Avropa Şurasının tövsiyələrinə əsasən hər on min şəxsin yaşadığı ərazidə bir sığınacaq olmalıdır. Amma Azərbaycanda bütün ölkə boyu bunun sayı sadəcə olaraq üçdür. Digər tərəfdən məişət zorakılğı kriminallaşdırılmır. Əsas mexanizmlərdən biri kriminallaşdırılmasıdır ki, biz həmin o kriminal xronikadan müəyyən edə bilək ki, bu hadisələrin, qətllərin neçəsi məişət zorakılğı nəticəsində törədilib. Sadəcə xəsarət yetirmə maddəsi ilə iş aparılır. Amma biz qadın qətllərinə baxanda görürük ki, bu qətllərin çox böyük faciəsi ərlər tərəfindən, keçmiş ərlər tərəfindən, nişanlılar tərəfindən, qardaş, ata tərəfindən həyata keçirilir. Belə deyək, hər bir cinayət dəhşətlidir. Bu cinayətlərin xüsusiliyi var ki, insanlar bir ailənin kişi üzvləri ailənin qadın üzvlərinə xəsarət törədir. Buna ayrı baxılmalıdır, məşiət zorakılığının nəticəsi olaraq baş vermiş qətllər xüsusi ağırlaşdırıcı hal kimi qeydə alınmalıdır.

Amerikanın Səsi: Qadın hüquqlarının təmin edilməsi üçün nələr edilməlidir?

Aygül Cəfərova: İlk növbədə burada səmimi siyasi iradə lazımdır. Biz qadın qətlləri siyasidir deyəndə, məhz bunu nəzərdə tuturuq ki, dövlət strukturları tərəfindən effektiv siyasət yürüdülməlidir. Qadın hüquqları, qadınlara qarşı zorakılıq məsələləri çox kompleks olduğuna görə burada hər hansısa bir-iki qurumun fəaliyyəti və yaxud fəalın bununla bağlı çıxışları nəyisə dəyişmir. Kompleks yanaşılmalıdır. Bu yanaşma üçün də ən çox resursu olan qurum dövlətdir.

Xatırlatma

Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadınlara qarşı cinayətlərin sayının ildən-ilə artdığını qeyd edirlər. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiyalar keçirib. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə qadın qətlləri artmaqda davam edəcək.

Asılmış gəlinciklər

Hüquq müdafiəçilərinin hesablamalarına görə, 2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i ərləri tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadındır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAID və BMT-nin İnkişaf Proqramının "Qadınlara və Qızlara Dəstək Olaq" layihəsi çərçivəsində birgə açıqlamasında deyilir ki, Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb.

Baş Prokurorluq bildirib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

"Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarım ili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkmişdir. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!" #qadınzorakılığınasusma” müraciətdə deyilir.

Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun 2010-cu ildən qüvvədədir.