Accessibility links

İranın məşhur aktrisası həbsdən azad edilib


Oskar mükafat almış "Satıcı" filminin ulduzu Tərane Əlidosti yaxınları ilə
Oskar mükafat almış "Satıcı" filminin ulduzu Tərane Əlidosti yaxınları ilə

İran hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılmasını tənqid etdiyinə görə həbs olunan Oskar mükafatına layıq görülmüş filmin tanınmış aktrisasını təxminən üç həftədən sonra, çərşənbə günü azad edib.

İranın yarı-rəsmi İSNA xəbər agentliyi rejissor Əsgər Fərhadinin Oskar mükafat almış "Satıcı" filminin 38 yaşlı ulduzu Tərane Əlidostinin zaminə buraxıldığını bildirib. Onun anası Nadere Hakimelahi daha əvvəl Instagram səhifəsində qızının azad ediləcəyini bildirmişdi.

Çərşənbə günü Tehrandakı bədnam Evin həbsxanasından azad edildikdən sonra Əlidosti əlində gül dəstələri dostları ilə şəkil çəkdirib. Onun işi ilə bağlı əlavə məlumat verilməyib.

Əlidosti ümummilli etirazlara dəstək ifadə edən və hakimiyyətin müxalifətə qarşı zorakılıq siyasətini tənqid edən iranlı məşhurlardan biridir. Hesabı ləğv edilməzdən əvvəl o, Instagram səhifəsində etirazları dəstəkləyən azı üç mesaj yazmışdı.

Mesajının birində o polis nəzarətində olan bir qadının ölümü ilə başlayan və İranın hakim din xadimlərinin devrilməsinə çağıran geniş etirazlarla əlaqəli edam edilən ilk şəxslə həmrəylik ifadə edib.

Etirazlar 1979-cu il inqilabından sonra qurulan İslam Respublikasının üzləşdiyi ən böyük problemlərdən biri olub. İnsan haqları qrupları təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün həqiqi güllə, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyini bildirib.

Mohsen Şəkəri dekabrın 9-da, İran məhkəməsi tərəfindən Tehranda küçəni bağlamaqda və ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşına soyuq silahla hücum etməkdə ittiham olunduqdan sonra edam edilib. Bir həftə sonra İran ikinci məhbus Məcidreza Rəhnavərdini ictimaiyyət qarşısında asaraq edam edib. O, repressiyalara rəhbərlik edən yarı-hərbi "Bəsic" qrupunun iki üzvünü bıçaqlamaqda ittiham olunub.

Əlidosti həbs olunmazdan əvvəl təxminən 8 milyon izləyicisi olan hesabında "Onun adı Mohsen Şəkəri idi. Bu qan tökülməsini izləyən və tədbir görməyən hər bir beynəlxalq təşkilat insanlıq üçün rüsvayçılıqdır" yazmışdı.

Digər iki məşhur - iranlı aktrisa Hengamə Qaziani və Kətayun Riahi sosial mediada etirazçılarla həmrəy olduqlarını bildirdikləri üçün noyabr ayında həbs edilib. İranlı futbol ulduzu Voria Qafuri də həmin ay "milli futbol komandasını təhqir etmək və hökumət əleyhinə təbliğat aparmaq" ittihamı ilə həbs edilib. Onların hər üçü sərbəst buraxılıb.

İranda iğtişaşları yaxından izləyən İnsan Haqları Fəalları-nın məlumatına görə, etirazlar zamanı azı 516 etirazçı öldürülüb, 19 mindən çox insan həbs edilib. İran hakimiyyəti öldürülən və ya həbs edilənlərin sayı barədə rəsmi məlumat verməyib.

XS
SM
MD
LG