Yanvarın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İsrail nümayəndə heyəti Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli şəxsləri və İsrailin Avrasiya ölkələrindəki səfirlərindən ibarət olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrail nümayəndə heyəti Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli şəxsləri və İsrailin Avrasiya ölkələrindəki səfirlərindən ibarət olub.
Məlumata görə, görüş zamanı, tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, təhsil, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirə aparıblar.
Nazirliyin məlumatında qeyd edilir ki, nazir Ceyhun Bayramov ötən il 30 illiyinin qeyd olunduğu Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin və ikitərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, xalqların birgə yaşayış tarixinin yüz illəri əhatə etdiyini vurğulayıb.
Nazir İsraildə Azərbaycanın turizm bürosunun və ticarət nümayəndəliyinin fəaliyyətinin, bu yaxınlarda Azərbaycanın səfirliyinin təsis edilməsinin münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.
Öz növbəsində Aliza Bin Nun Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək, İsrailin Avrasiyadakı səfirlərinin görüşünün məhz Bakıda keçirilməsinin İsrailin Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisi olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanda yaşayan yəhudi icmasının iki ölkəni birləşdirən körpü rolunu oynadığını bildirib. Aliza Bin Nun İsrail və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin daha da artırılmasında İsrail tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində iki ölkə arasında yüksək səviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.
Xatırlatma
Azərbaycan Milli Məclisi noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib.
Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında noyabrın 26-da sərəncam imzalayıb.
Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə işarə kimi qiymətləndirib.
Azərbaycanın İsraildə səfirlik açması barədə qərarı İran-Azərbaycan münasibətlərində gərginlik yaşandığı vaxta təsadüf edir. Anti-İsrail ideologiyasına əsaslanan mövcud İran hakimiyyəti bir qayda olaraq Azərbaycanın İsraillə münasibətlərinə tənqidi mövqe bəsləyib.