Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 19-da Azərbaycandan göndərilən 4 şikayət üzrə qərarlarını elan edəcək.
Bu barədə Amerikanın Səsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.
Onun sözlərinə görə, ərizələrdə ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntuları mübahisələndirilib.
Hüquqşünas deyib ki, Xural qəzeti və Əvəz Zeynalov Azərbaycana qarşı məhkəmə işi 2010-cu ildə “Xural” qəzetində dərc edilmiş iki məqaləyə görə, bu qəzetin mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlıdır.
“İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində digər məsələlərlə yanaşı, KİV-ə Dövlət Dəstəyi Fondunun hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərli tənqid edilmişdi. Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr Xural qəzetini 5 min manat cərimələmişdi“, o bildirib.
Onun sözlərinə görə, ərizəçilər Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
Xalid Ağaliyev deyib ki, ikinci qərar “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlıdır.
“İşin hallarına görə, ərizəçi “Azadlıq” qəzetinin o vaxtkı ofisinin qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetirib. Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlqıdan məhrumetmə hökmü çıxarıb. Ərizəçi 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. Ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə 2008-ci ildə göndərilib”, o deyib.
Hüquqşünasın sözlərinə görə, digər məhkəmə işi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehdiyevin şikayəti işə bağlıdır.
Onun sözlərinə görə, Mehdiyevin şikayəti 2009-cu ildə Dövlət Neft Şirkətinə göndərilən informasiya sorğusuna cavab ala bilməməsi və yerli məhkəmələrə bu barədə müraciətlərinin nəticəsiz qalmasını əhatə edir, ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyi iddia olunur.
Dördüncü qərar jurnalist Yaşar Ağazadənin Azərbaycana qarşı məhkəmə işidir.
Xalid Ağalıyev deyib ki, jurnalist Yaşar Ağazadə şikayətində 2010-cu ildə baş nazirə göndərdiyi informasiya sorğusunun cavabsız qaldığını, məhkəmələrə bu barədə müraciətlərinin nəticə vermədiyini bildirib.
“2010-cu ildə Azərbaycanın bir sıra rayonlarında təbii fəlakət baş verib, Kür və Araz çaylarının irimiqyaslı daşması nəticəsində çox sayda vətəndaşa məxsus mülklər ya dağılıb, ya da zədələnib. Azərbaycan prezidentinin sərəncamı ilə təbii fəlakətlə mübarizə üzrə xüsusi Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına zərərçəkmiş rayonların iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, zərərçəkmişlərə dövlət tərəfindən pul kompensasiyasının ödənilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirmək tapşırılıb. Ölkənin baş naziri komissiyanın sədri təyin edilib.
Ərizəçi Dövlət Komissiyasına və onun sədrinə informasiya sorğusu ilə müraciət edib, digər məsələlərlə yanaşı, zərərçəkmişlərə ödəniləcək kompensasiyanın məbləğləri, zərər çəkmiş rayonların bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatların və hesabatların surətlərinin ona təqdim edilməsini xahiş edib. Ancaq sorğuya ümumiyyətlə cavab verilməyib”, o bildirib.
Hüquqşünas qeyd edib ki, bu işdə ərizəçi ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə məsələsini qaldırıb.