Şərqi Azərbaycan vilayətinin Binab şəhərindən olan Leyla Nasiri müvəqqəti olaraq Marağa həbsxanasından zəmanət qarşılığında sərbəst buraxılıb.
Bu barədə İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və bölgədəki hüquq müdafiəçiləri məlumat yayıb.
Leyla Nasiri noyabrın 20-də Binab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilib. Azərbaycan İnsan haqları cəmiyyəti - Ərk onun kəşfiyyat idarəsində dindirilərkən işgəncələrə və təzyiqlərə məruz qaldığını bildirir.
SEE ALSO: Təbrizdə Səmanə Babazadə zəmanətlə sərbəst buraxılıb, Leyla Nasiri həbs edilibLeyla Nasiri iki aya yaxın həbsdə saxlandıqdan sonra Marağa həbsxanasından məhkəmə prosesinin sonuna qədər girov qarşılığında müvvəqəti şəkildə sərbəst buraxılıb.
Ona qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, məlumat yoxdur.
Bölgədəki hüquq müdafiəçiləri Binabın ədliyyə orqanlarının onu zaminə buraxmaqdan imtina etdiyini və Marağa həbsxanasında saxlanma müddətini uzatdıqlarını bildirir.
İran Azərbaycanının şəhərlərində keçirilən son etiraz aksiyalarında həbs olunan etirazçıların işi ilə əlaqədar bir sıra hallarda məhkəmə rəsmiləri məhbusların müvəqqəti azadlığa buraxılması üçün məhkəməyə təqdim olunan girovu qəbul etməkdən imtina edib və ya girovun qəbulu prosesini gecikdirməklə həbs olunan etirazçıların həbs müddətinin uzanmasına səbəb olub.