Accessibility links

Təbrizdə Səmanə Babazadə zəmanətlə sərbəst buraxılıb, Leyla Nasiri həbs edilib


Səmanə Babazadə və Leyla Nasiri
Səmanə Babazadə və Leyla Nasiri

Hüquq müdafiəçiləri İranın Şərqi Azərbaycan vilayətinin Binab şəhərində Leyla Nasiri adlı bir vətəndaşın həbs edildiyini, Təbrizdə isə aktrisa Səmanə Babazadən müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi xəbər saytlarının yaydığı məlumata görə, Leyla Nasiri noyabr ayının 20-də Binab şəhərində hökümət əleyhinə keçirilən nümayişlər ilə əlaqədar saxlanılıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Nasiri daha sonra Marağa həbsxanasının qadınlar bölməsinə göndərilib.

Təbrizdə isə aktrisa Səmanə Babazadə təqribən 10 gün həbsdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

İnsan haqları AHRAZ cəmiyyətinin bildirdiyinə görə, sənətkar noyabr ayının 13-də prokurorluğa müraciət etdiyi zaman saxlanılmışdı. Noyabrın 22-də sərbəst buraxılan Babazadənin məhkəmə prosesi davam edəcək.

23 yaşındakı tibb tələbəsi Aylar Haqqinin noyabrın 16-da Təbrizdə məmurlar tərəfindən öldürülməsindən sonra Şərqi Azərbaycan vilayətində etirazların şiddətinin artdığı bildirilir. Keçən həftə Əli İraqi adlı başqa bir gənc təbrizlinin də polis qüvvələri tərəfindən öldürüldüyünə dair xəbərlər yayılıb.

Hüquq müdafiəçiləri keçən həftə ərzində Şərqi Azərbaycan vilayətinin Təbriz, Məlikkəndi və Binab kimi şəhərlərində aralarında çox sayda gənc qadın və yeniyetmə qızın da olduğu onlarla vətəndaşın həbs edildiyini yazırlar.

XS
SM
MD
LG