Naxçıvanda dövlət əmlakını mənimsəməyə görə cinayət işi başlanıb

Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı ittiham irəli sürülüb.

Naxçıvan Muxtar Respublikanın Prokurorluğunun rəsmi məlumatına görə, səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda apardığı yoxlamalar nəticəsində 3 nəfər yüksək vəzifəli şəxs həbs edilib. Yerli medianın məlumatına görə, həbs edlən üç vəzifəli şəxs 488 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Bu həbslərdən sonra ötən il dekabrın 21-də Naxçıvan Alİ Məclisinə 27 il sədrlik edən Vasif Talıbov istefa verib.

Vasif Talıbovun istefasından sonra Naxçıvanda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyev dekabrın 22-də Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.

Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verdikdən sonra hökumətyönümlü mediada onun fəaliyyətinin tənqidi başlayıb. Yerli media Naxçıvanda rəsmi qurumlarda, həmçinin Vasif Talıbovun ailəsinə məxsus şirkətlərdə yoxlamalar başlanıldığını yazır.