Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu partiyanı buraxdığını elan edib.
O bu barədə Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, bu addımı “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atıb:
"Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi mürtəce “Siyasi partiyalar haqqında” Qanununun fundamental azadlıqlara zidd olan 4.7.-ci maddəsinə görə "Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir". Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar olaraq, partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam", Qubad İbadoğlu deyib.
Qubad İbadoğlu qeyd edib ki, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclis verəcək. O, bu barədə ictimaiyyəti məlumatlandıracağını əlavə edib.
Onun sözlərinə görə, partiya fəaliyyətini bundan sonra hərəkat olaraq davam etdirəcək.
"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulunun əsas məqsədlərindən biri də Prezident Adminstrasiyasının göstərişi ilə Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından 4 dəfə imtina etdiyi, Apelyasiya Məhkəməsinin işə baxmadığı, Ali Məhkəmənin işi icraata götürmədiyi ADR Partiyasının fəaliyyətinə bu yolla əngəl yaratmaq idi. Buna qısa müddətdə olsa da nail ola bildilər, amma çox çəkməz. Əsas odur ki, müstəqilliyimizi qeydiyyata qurban vermədik, bu yolda partiya rəhbərliyi olaraq vahid mövqe nümayiş etdirdik, dəyərlərimizə sonadək sadiq qaldıq, hakimiyyət ADR-in qeydiyyat məsələsini sövdələşmə predmetinə çevirə bilmədi", Qubad İbadoğlu bildirib.
Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının bazasında 2021-ci il oktyabrın 17-də təsis edilib. Təşkilata iqtisad elmləri doktoru Qubad İbadoğlu rəhbərlik edir.
Ədliyyə Nazirliyi artıq dördüncü dəfə ADR Partiyasının dövlət qeydiyyatına alınmaq üçün təqdim etdiyi sənədləri çatışmazlıqlar səbəbi ilə geri qaytarıb. Buna etiraz olaraq partiya dəfələrlə Ədliyyə Nazirliyi qarşısında aksiya keçirib. Amerikanın Səsi bu məsələ ilə bağlı Ədliyyə Nazirliyindən şərh almaq cəhdi baş tutmayıb
Xatırlatma
Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Dövlət başçısı "Siyasi partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb.
Fərmana görə, Nazirlər Kabineti "Siyasi partiyalar haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim edəcək. Nazirlər Kabineti həmçinin üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək.
Azərbaycan Milli Məclisi ötən il dekabrın 16-da "Siyasi Partiyalar haqqında" yeni qanun qəbul edib.
Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.
Qanunun qəbul olunmasına baxmayaraq, Avropa Şurasının Venesiya Komissiyası sənədin Avropa standartlarına uyğun olub-olmaması barədə rəy verəcək.
Belə ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi "Siyasi Partiyalar haqqında" qanuna Avropa Şurasının Venesiya Komissiyasının Təcili Rəy verməsi ilə bağlı dekabrın 14-də qərar qəbul edib.
"Siyasi Partiyalar haqqında" qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.
Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməyəcək.