Accessibility links

İran məhkəməsi iki əmək fəalının 6 illik həbs cəzasını qüvvədə saxlayıb


Tehranın Evin həbsxanası
Tehranın Evin həbsxanası

"Tehran və Şəhərətrafı Avtobus Şirkəti İşçiləri Həmkarlar İttifaqı"nın məlumatına görə, İranın Apellyasiya Məhkəməsi iki fəalın - Reza Şahabi və Həsən Səidinin 6 il həbs cəzasını təsdiqləyib.

Həmkarlar İttifaqının yanvarın 12-də yaydığı bəyanatda bildirilib ki, Apellyasiya Məhkəməsi Şahabi və Səidinin iştirakı olmadan keçirilib. İki fəal "İslam Respublikasına qarşı təbliğat" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədi ilə toplaşmaq və əlbir olmaq" ittihamları ilə mühakimə olunub.

Bundan əlavə, Şahabi və Səidinin azadlığa çıxdıqdan sonra iki il ərzində ölkəni tərk etməsinə icazə verilməyəcək. Onların hər ikisinə həmin müddət ərzində siyasi partiyalara üzv olmaq və sosial şəbəkələrdən istifadə etmək qadağan edilib.

Şahabi və Səidi 2022-ci ilin may ayında, bahalıq və artan inflyasiya ilə bağlı "1 May" mitinqində iştirak etdikdən sonra Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Mitinq İştirakçıları müstəqil əmək təşkilatları yaratmaq haqqını da tələb edib.

Az müddət sonra dövlət televiziyası Şahabi və digər fəalların İranda iğtişaşlar tötərmək ittihamı ilə həbs edilən iki Fransa vətəndaşı - 37 yaşlı Cecil Kohler və onun 69 yaşlı ortağı Jak Parislə görüşdüklərini iddia edib.

Həmkarlar ittifaqı məhkəmə qərarının onların ailələrini və digər əmək fəallarını "qəzəbləndirdiyini və onlarda ikrah hissi yaratdığını" bildirib və hər iki nəfərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Sentyabr ayının ortalarından başıayan etiraz nümayışləri 1979-cu il inqilabından bəri İslam Respublikası hökuməti üçün ən böyük təhlükə kimi qiymətləndirilir.

Rejim iğtişaşlarda Qərb hökumətlərini günahlandıraraq, etirazlara qanlı repressiyalarla cavab verib.

İnsan haqları qruplarının bildirdiyinə görə, İran hökumətinin repressiyaları nəticəsində 500-ə yaxın insan ölüb, yüzlərlə insan yaralanıb. Jurnalistlər, hüquqşünaslar, fəallar da olmaqla, minlərlə etirazçı həbs edilib.

XS
SM
MD
LG