Yanvarın 3-də vəkil Bəhruz Bayramov Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Tofiq Yaqublu ilə görüşüb.
Bəhruz Bayramovun Amerikanın Səsinə verdiyi məlumata görə, görüş zamanı otaqda məntəqənin əməkdaşı da olub. Vəkil hesab edir ki, bu konfidensiallıq hüququnun pozuntusudur.
Onun sözlərinə görə, bu orada böyük gərginliyə səbəb olub.
Your browser doesn’t support HTML5
Bundan əlavə vəkil Tofiq Yaqublunun səhhətində müəyyən problemlərin olduğunu deyərək, şəraitə görə müalicəsini dayandırdığını bildirib.
“Orqanizmində bəzi problemlər var. Həçminin orada şərait elədir ki, qida problemi də var. Ona görə də müalicəsini davam etdirə bilmir. Çünki normal qida lazımdır. İndi isə bu mümkün deyil. Ona görə də müalicəsini dayandırıb” o, deyib.
Bundan başqa vəkil Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun inzibati qaydada həbsi ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verildiyini bildirib.
Öz növbəsində Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib ki, təcridxanada baş verən qanun pozuntusuyla bağlı məhkəməyə müraciət ediləcək.
Bu məsələ ilə bağlı hələlik Daxili İşlər Nazirliyində rəsmi açıqlama almaq mümkün olmayıb.
Dekabrın 23-də Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya ilə bağlı həbs edilən yeganə şəxsdir.