Accessibility links

Bəxtiyar Hacıyev aclığı dayandırıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyev dekabrın 29-da aclığı dayandırıb.

Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq 14 gün idi aclıq edirdi.

“Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb”.

Vəkil bildirib ki, hazırda Bəxtiyar Hacıyevin səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb.

“Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi,” o, qeyd edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 14 gün aksiyanı davam etdirib.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Appelyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

XS
SM
MD
LG