Dekabrın 23-də Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Milli Şuranın funksioneri, Müsavat Partiyasının üzvü Tolfiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib. Onun sözlərinə görə, Tofiq Yaqublu məhkəmədə çıxışında bu qərarı siyasi sifariş kimi qiymtələndirib:
“O dedi ki, polisin qanuni tələbinə tabe olmamaqdam söhbət gedə bilməz. Jurnalistə müsahibə verərkən polis dəvət edib, mən də onunla bərabər polis avtomobilinə minmişəm. Mənim həbsim siyasi sifarişdir.”
Vəkil deyir ki, Tofiq Yaqublu insan haqları fəalı Bəxtiyar Hacıyevə azadlıq tələbiylə keçirilən aksiyada iştirak etdiyi üçün həbs edilib. Nemət Kərimlinin sözlərinə görə Tofiq Yaqublu barəsində Səbail Rayon Polis İdarəsi-nin 8-ci Polis Bölməsində protokol tərtib edilib.
“Həmin protokola görə guya Tofiq Yaqublu küçədə ünvansız, nalayiq söyüşlər söyə-söyə gedirmiş. Guya polis işçiləri onu ədəb-ərkana dəvət ediblər, lakin o tabe olmayıb və polisi itələyib. Absurddur, məhkəmədə qeyd edilən yerlə şahidlərin dediyi yer üst-üstə düşmürdü. Hətta bilmirdilər ki, Ədəbiyyat Muzeyinin sağında saxlanılıb, ya solunda, yoxsa “McDonald's”ın sağında və ya solunda saxlanıldığını müəyyən edə bilmirdilər,” deyə Nemət Kərimli məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini əlavə edib.
Cümə günü “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirib.
Aksiyada və aksiyadan bir neçə saat əvvəl Azərbaycan Xalq Cəbhəsi (AXCP), Azərbaycan Demokratiya və Rifah (ADR), "Müsavat" Partiyası, D18 Hərəkatının üzvlərindən bir neçəsinin, bəzi ictimai fəalların və hüquq müdafiəçilərinin saxlanıldığı bildirilir. Saxlanılanların böyük əksəriyyəti sərbəst buraxılıb.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Bəxtiyar Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.
Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.
Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.