Hökumətə qarşı etirazlar zamanı həbs edilən Təbriz sakinləri şəhərin İnqilab Məhkəməsi tərəfindən 3 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin verdiyi məlumata görə, Əmir və Ümid Haşimpur və Şəmsuddin İsmayılzadə müvafiq olaraq 2 il 6 ay və 9 ay həbs cəzası alıblar. Əmir Haşimpurun 2 il müddətinə ölkədən çıxışı qadağan edilib.
Əmir Haşimpur Təbriz İnqilab Məhkəməsi tərəfindən "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və digər iki təbrizli etirazçı isə "sistemə qarşı təbliğat aparmaq ittihamı ilə təqsirli bilinib.
Ümid Haşimpur daha əvvəl kiber polisi tərəfindən həbs edilib və ona qarşı irəli sürülən sistemə qarşı təbliğat ittihamının sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı olması ehtimal edilir.
İranda Məhsa Əmininin ölümündən sonra baş qaldıran etıraz dalğasından əvvəl bloklanmayan yeganə sosial şəbəkə Instagram platforması idi. Həmçinin ölkədə baş verən son etirazlardan sonra WhatsApp mesajlaşma xidməti də bloklanıb.
Ümumilikdə İslam Respublikası bütün xarici mesajlaşma şəbəkələrini və sosial media platformalarını bloklayıb. Buna baxmayaraq, sosial mediada hakimiyyəti tənqid edən, ifadə azadlığı hüquqları pozularaq, nəzarətə alınıb, rejimə qarşı təbliğat aparmaq kimi ittihamlarla üzləşirlər ki, bu ittihamlardan təqsirli bilindikləri təqdirdə həbs və şallaq cəzalarına məhkum edilirlər.