Ukraynanın Xarkiv şəhərində yaşayan azərbaycanlıların "Dostluq" Cəmiyyətinin İdarə Heyətinin üzvü, dövlət idarəetmə elmləri doktoru, professor Azad Ömərov Amerikanın Səsinə müsahibəsində Xarkiv şəhərində son durum, elektrik enerjisi böhranı, humanitar vəziyyətdən danışıb.
Amerikanın Səsi: Hazırda Xarkivdə durum necədir? Müharibə Xarkivə nə qədər ziyan vurub?
Qışın gəlməsi ilə əlaqədar durum bir qədər də çətinləşib. Yəni işıq, su, istilik problemi var.
Azad Ömərov: Hazırda Xarkivdə müharibəyə görə durum çox pisdir. Televiziyada, radioda necə deyirlər elə də var. Qışın gəlməsi ilə əlaqədar durum bir qədər də çətinləşib. Yəni işıq, su, istilik problemi var. İşıq olmayanda əlaqələr də olmur. Telefon əlaqələri də yoxdur. Nə qədər ziyan dəydiyi sonradan bilinəcək. İndi hər bir vurulan obyektin, vurulan evin, dağılan, çat verən binaların hamısı qeydiyyata alınır. Verilən vədlərə görə, sonradan ziyanın əvəzində təzminat veriləcək. Durum yaxşı deyil.
Amerikanın Səsi: Rusiya son dövrlər Ukraynada bir çox elektrik stansiyalarını, elektrik yarımstansiyalarını vurub. Xarkivdə bu sahədə durum necədir?
Azad Ömərov: Xarkivdə də o sahədə durum çox acınacaqlıdır. Bəzən 24 saat, hətta 30 saat işıq verilmir. Amma hər halda çalışılır ki, işıq verilsin. Buna görə də şəhər meriyası, vilayətin hərbi administrasiyası gücləri çatan hər şeyi edirlər. Kommunal müəssisələr də həmişə ayaqdadır, işləyir.
Amerikanın Səsi: Bəs humanitar durum necədir? Əhalinin ərzaq, su, istilik ilə təminatı necə təmin edilir?
Bəzən 24 saat, hətta 30 saat işıq verilmir.
Azad Ömərov: Yuxarıda dediyim kimi istiliklə təminat çalışılır ki, olsun. Amma hər şey işıqla əlaqəlidir. Ərzaq problemi yoxdur. Yəni humanitar yardımlar var və yaxud da müxtəlif mənbələrdən əhali təmin olunur.
Amerikanın Səsi: Rəsmi statistikada Xarkivdə nə qədər azərbaycanlının yaşaması ilə bağlı məlumat əldə edə bilmədik. Xarkivdə təxminən nə qədər azərbaycanlı yaşayırdı? İndi şəhərdə nə qədər azərbaycanlı qalıb?
Azad Ömərov: Doğrudan da Xarkivdə nə qədər azərbaycanlılnın yaşaması barədə rəsmi məlumat yoxdur. Deyirlər ki, 50-60 min azərbaycanlı yaşayıb. Amma mənə görə bu rəqəm daha böyükdür. Bu gün kişi cinsindən olan və çağırış yaşı olan istər azərbaycanlılar, istərsə də qeyri millətlərin hamısı Xarkivdədir. Bunun ən bariz nümunəsini onda görürük ki, Ukrayna Ordusunda bizim azərbaycanlı şəhidlərimiz çoxdur. Savaşda həlak olanlar bir qəbiristanlıqda dəfn olunur. Onların dəfnində hər dəfə bəlkə də mindən çox insan iştirak edir.
Amerikanın Səsi: Təxminən nə qədər hərbçi və ya mülki azərbaycanlı həlak olub?
Ukrayna Ordusunda bizim azərbaycanlı şəhidlərimiz çoxdur.
Azad Ömərov: Bu barədə də rəsmi rəqəm yoxdur. Amma ən azı mən şəhid olan 15-20 nəfərin adını saya bilərəm. Haradasa Ukrayna Ordusunun tərkibində Ukrayna vətəndaşı olaraq 2-3 min azərbaycanlı xidmət edir.
Amerikanın Səsi: Bəs Xarkivdə hərbçilər və mülkilər arasında həlak olan azərbaycanlılar var?
Azad Ömərov: Bəli var. Bunlardan Ruslan var. Bizim diaspora cəmiyyətinin mədəniyyət mərkəzinin bazar günü məkətəbinin şagirdi olub. Bu yaxınlarda bir mayorumuz şəhid oldu. Bir neçə azərbaycanlı həlak olub.
Amerikanın Səsi: Xarkivdə olan azərbaycanlılar arasından qaçqın olanlar çoxdur?
Xarkivdən çox sayda azərbaycanlılar, qadınlar, qızlar, uşaqlar, yaşlılar, xəstəliyi olanlar, yəni çox insan köçüb.
Azad Ömərov: Bəli, istər ümumən Ukraynadan, istərsə də Xarkivdən çox sayda azərbaycanlılar, qadınlar, qızlar, uşaqlar, yaşlılar, xəstəliyi olanlar, yəni çox insan köçüb. Onlardan Azərvbaycana gələnlər də var, Türkiyədə yerləşənlər də var. Amma onlar əsasən Polşada, Almaniyada, İspaniyada və başqa Avropa ölkələrində yerləşiblər. Bir də daxili köçkünlərimiz var. Məsələn, xarkivlilər və yaxud Ukraynanın savaş gedən bölgələrindən qərbi Ukraynada, o cümlədən Xmelnitskidə, Vinnitsada, Çernovtsıda, Lvovda, bu kimi vilayətlərdə, şəhərlərdə yerləşmiş çox qaçqınlarımız var.
Amerikanın Səsi: İndi Xarkivdə durum necədir? Siz orada daimi yaşayırsınız.
Azad Ömərov: Xarkivdə durum çox pisdir. Amma buna baxmayaraq, insanların hamısnın gözündə bir qələbə ümidi, işığı var. Yəni təslim olmaq, yaxud da geri durmaq Xarkivdəki insanlara yaddır.
Xarkivdə azərbaycanlıları çox sevirlər.
Amerikanın Səsi: Azərbaycan hökumətinin, Azərbaycan xalqının yardımı Xarkivdə hiss edilirmi?
Azad Ömərov: Bəli, hiss edilir. Yardıma görə hamı minnətdardır. Amma ümumiyyətlə Xarkivdə azərbaycanlıları çox sevirlər. Yəni, bu müharibədə dəstək verən bir ölkə kimi Azərbaycan dövlətinə böyük minnətdarlıqları var.