Cümə günü Ukrayna boyu yerli vaxtla səhər saat səkkizdə hava sirenaları səsləri eşidilib. Təkcə Kyiv şəhərində üç patlayış səsi eşidilib. Onlardan biri Amerikanın Səsinin müxbiri Anna Çernikovanın evinə yaxın olub. Çernikova deyir ki, patlayış güclü olub və onun yaşadığı ev titrəyib.
Kyivin meri Vitali Kliçko xəbər verir ki, hazırda paytaxtda hücumlar səbəbilə su və elektrik təchizatında problemlər yaşanır. Bütün xilasetmə xidmətləri hadisə yerlərindədir. Kyivdə metro stansiyaları bomba sığınacaqları kimi xidmət göstərir, metro işləmir.
Bundan əlavə Kyivin başqa hissələri, Xarkiv, Zaporijjye, Mikolaiv, Poltava, Jitomir, Dnipropetrovsk, Vinnitsia, Donetsk və bəzi qərb bölgələrində də partlayışların olduğu barədə məlumt verilir. Xarkiv, Poltava, Kremençuk şəhərləri, eləcə də bütöv Kirovohrad regionunda hazırda elektrik tamamilə kəsilib.
Yerli rəsmilər Zaporijye şəhərinə 15 zərbənin endirildiyini təsdiq edib. Zərbələrin nəticələrinin nə olduğu bəlli deyil.
Prezident Volodimir Zelenskinin dünyaya gəldiyi Krivi Rih şəhərinin rəsmiləri yaşayış binasına zərbənin endirildiyi barədə xəbər verib. Hazırda xilasetmə işlər aparılır. İki nəfərin öldüyü, səkkiz nəfərin, o cümlədən üç nəfərin öldürüldüyü bildirilib.
Xarkiv bölgəsinin rəsmiləri regionda enerji infrastrukturunu hədəf alan ən azı 10 raketin atıldığını təsdiq edib.
Ukrayna Hava Qüvvələri Komandanlığı bildirib ki, Rusiya Ukraynaya kritik enerji infrastrukturunu hədəf alan 70-dən çox raket atıb. Həmin raketlərdən təxminən 60-ı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. 40 raketdən 37-si Ukrayna hava hücumundan müdafiə qüvvəsi tərəfindən təkcə Kyiv üzərində vurulub. 10-u isə Dnipropetrovsk regionu üzərində vurulub.
Moskva əsas infrastruktura zərbələrin hərbi baxımdan legitim olduğunu bildirir. Ukrayna bildirir ki, mülki vətəndaşların əzab-əziyyətinə səbəb olan hücumlar müharibə cinayəti hesab olunur.
“Rusiya Federasiyasının məqsədi ukraynalıların daimi olaraq təzyiq altında olmaları, demək olar hər gün bomba sığınacaqlarında qalmaları, elektriyin və suyun kəsilməsi səbəbilə narahatlıq hissi keçirmələridir,” Ukrayna iqtisadiyyat naziri Yulia Sviridenko Facebook-da yazıb.
“Ancaq Ukraynanın mövqeyi dəyişməzdir: işıqsız qalaq, amma #sizsiz olaq. Biz buna tab gətirəcəyik. Biz qalib gələcəyik. Biz bərpa olunacağıq.”
Britaniyanın Müdafiə Nazirliyinin cümə günü bildirdiyinə görə, Rusiyanın "cəbhə xətti boyunca inşa etdiyi geniş müdafiə mövqeləri" köhnə qaydadadır və İkinci Dünya Müharibəsindən bəri "əsasən dəyişməyib". Nazirlik tikintinin "müasir, dəqiq zərbələrə qarşı həssas olacağını" deyib.
Britaniya nazirliyi bunun "Rusiyanın müasir Qərb ordularının son onilliklərdə imtina etdiyi mövqe müharibəsinə qayıtdığının" başqa bir nümunəsi olduğunu bildirib.
Cümə axşamı Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib ki, əgər Ukraynaya hava hücumundan müdafiə "Patriot" raketləri göndərərsə, Moskva bunu "təxribat" hesab edəcək və cavab verə bilər.
Nazirliyin sözçüsü Mariya Zaxarova deyib ki, Rusiyanın hava hücumları ilə mübarizədə istifadə etmək üçün ABŞ-ın Ukraynanı "Patriot" raketləri ilə təmin etməsi Rusiyanın 10 aylıq müharibəsinin qarşısını almaqda ABŞ-ın rolunu artıra və "mümkün nəticələrə səbəb ola bilər".
Zaxarova Moskvanın buna cavabının necə olacağı barədə heç nə deməsə də, Rusiyanın Birləşmiş Ştatların Ukraynanı təmin etdiyi avadanlıqların Rusiya hücumlarının legitim hədəfləri olduğu ilə bağlı xəbərdarlıqlarından "düzgün nəticə çıxarmalı" olduğunu bildirib. O, Ukraynaya silah tədarükü ilə ABŞ-ın artıq "müharibədə bir tərəfə çevrildiyini" deyib.
Bu həftə ABŞ rəsmiləri jurnalistlərə Ukraynaya "Patriot" raket sistemi göndərmək planını təsdiqləyib. Prezident Volodimir Zelenski uzun müddətdir enerji və su obyektləri də daxil olmaqla, Rusiyanın Ukraynanın həyati əhəmiyyətli infrastrukturunu hədəf alan hava hücumlarına qarşı özünümüdafiə etmək üçün onlara ehtiyacının olduğunu deyib. Bununla bağlı hələ ki, rəsmi açıqlama verilməyib. .
Ağ Ev və Pentaqon liderləri ardıcıl olaraq Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələri ilə təmin edilməsinin prioritet olduğunu desələr də, "Patriot" raketlərini göndərməkdən çəkinib. Lakin Ukraynanın infrastrukturunun davamlı bombardmanı ABŞ rəsmilərinin hava hücumundan müdafiə raketlərinin yerləşdirilməsinin zəruri olduğu barədə qərar verməsinə səbəb olub.
ABŞ rəsmiləri həmçinin cümə axşamı bildiriblər ki, qış aylarında Ukrayna qüvvələri üçün hərbi döyüş hazırlıqları genişləndiriləcək və yeni təlimlər Almaniyanın Qrafenvohr təlim poliqonunda keçiriləcək.
ABŞ artıq Ukraynanın 3100-ə yaxın hərbçisinə müxtəlif silah və texnika, o cümlədən haubitsa, zirehli texnika və HİMARS kimi tanınan Yüksək Mobil Artilleriya Raket Sisteminin istifadəsi və saxlanması üzrə təlimlər keçib.