Avropa Məhkəməsi "Laçın dəhlizi"ndəki durumla bağlı qərar qəbul edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 21-də Ermənistanın “Laçın dəhlizi”ndəki durumla bağlı Azərbaycana qarşı müvəqqəti tədbirin görülməsi tələbi üzrə qərar qəbul edib.

Bu barədə aihmaz.org saytı məlumat yayıb.

Məhkəmə, hazırda “Laçın dəhlizi”ndəki duruma Azərbaycan hökumətinin nə dərəcədə nəzarət etməsinin mübahisəli olmasına, durumun aydın olmamasına, əlavə olaraq, 9 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək” öhdəliyini qeyd edib. Konvensiyadan irəli gələn öhdəlikləri xatırladan Məhkəmə, öz Reqlamentinin 39-cu Qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə “Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan Hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib.

Məlumatda deyilir ki, bu işdə ərizəçi olan Ermənistan hökumətinin tələbi Dağlıq Qarabağdakı milliyətcə erməni sakinlərin tibbi xidmətə çatım başda olmaqla həyati əhəmiyyətli xidmətlərə çatımı təmin edən "Laçın dəhlizi"nin blok edilməsi iddiası ilə bağlıdır.

Bu tələb Dağlıq Qarabağla bağlı son silahlı ixtilaf zamanı Avropa İnsan Haqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi, qeyri-insani, ləyaqəti alçaldan rəftar), 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 8 (şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinin çoxsaylı pozuntuları ilə bağlı iddiaları əhatə edən dövlətlərarası iş olan Ermənistan Azərbaycana qarşı işi kontekstində irəli sürülüb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, Avropa Məhkəməsi dəhlizə Azərbycanın nəzarət etməsinin mübahisəli olduğunu qeyd edib, dolayısı ilə nəzarəti Rusiya sülhməramlı qüvvələrinin həyata keçirdyini ifadə edib.

"Məhkəmə qərarını ona məlum olan halların işığında elan edir. Məhkəməyə təqdim edilən bilgilərdə ərizəçi tərəf, məhz Azərbaycanın dəhlizi 14 dekabr tarixdən blok etdiyini iddia etmişdi. Azərbaycan təkzib edib, dəhlizin Azərbaycanın yox, Rusiyanın nəzarətində olduğu ifadə edib. Bu bilgilərin işığında Məhkəmənin qərarı bizim tərəfimizdən anlaşılandır, mənası budur ki, ehtiyacı olan qrupların dəhlizdən maneəsiz istifadəsinə yurisdiksiyanız, imkanlarınız daxilində imkan yaradın. Bu aspektdə Azərbaycan baxımından hər hansı problem görünmür. Dəhliz ətrafında aksiya keçirən ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri onsuz da Dağlıq Qarabağdan Ermənsitana gedən təcili tibbi avtomobillərə, həmçinin humanitar yüklər aparan təchizat avtomobillərinin hərkətinə hər hansı maneçilik törətməyib. Azərbaycan hökuməti də ərazidəki insanların humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bildirib," o, qeyd edib.

Dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında da Laçın yolundakı durumla bağlı müzakirələr keçirilib.

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan çıxışında Azərbaycanı "Dağlıq Qarabağ əhalisini qeyri-qanuni blokada"da saxlamaqda ittiham edərək rəsmi Bakının hərəkətlərini 2020-ci il 9 noyabrda imzalanmış üçtərəfli bəyanatın prinsiplərinə zidd adlandırıb.

"Dağlıq Qarabağda həyəcanlandırıcı situasiya humanitar fəlakətə çevrilməyə yaxındır," Marqaryan deyib.

O, Laçın yolundakı durumu Azərbaycan rəsmiləri tərəfindən qabaqcadan planlaşdırıldığını deyərək, məqsədin mülki əhaliyə ziyan vurmaq və irimiqyaslı humanitar böhran yaratmaq olduğunu bildirib.

Öz növbəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Təhlükəsizlik Şurasından sui-istifadə edərək "manipulyasiya" və "saxtalaşdırma" kampaniyası apardığını bildirib. Əliyev bəzi qüvvələrin BMT platformasından istifadə edərək ölkəsinin suverenliyinə və əzazi bütövlüyünə xələl gətirməsinin qəbuledilməz olduğunu bildirib.

Əliyev Qarabağın 30 ilə yaxın Ermənistan qüvvələrinin işğalı altında olduğunu xatırladaraq, BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələri diqqətə çatdırıb.

"Yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş əmtəə təchizatı və vacib tibbi ləvazimatların daşınmasına heç bir əngəl yoxdur," Azərbaycan elçisi rəsmi Yerevanı Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə etməkdə günahlandırıb.

Əliyevin sözlərinə görə, bu yoldan istifadə olunmaqla Azərbaycan ərazisində minalar yerləşdirilib və ölkənin təbii resursları istismar olunub.

ABŞ-ın BMT-dəki səfiri Robert Vud Laçın dəhlizində yaranan maneələrdən ölkəsinin "dərin narahatlıq" keçirdiyini bildirib.

"Aydın etmək istəyirəm ki, Laçın dəhlizindən istifadəyə maneələr sülh prosesini geriyə salır. Onlar bu prosesə beynəlxalq inamı sarsıdır. Və onlar potensial sərt humanitar fəsadlara malikdir", Vud Azərbaycan hökumətini və dəhlizin təhlükəsizliyi üçün məsuliyyət daşıyan bütün tərəfləri sərbəst hərəkətin bərpasına çağırıb.

Birləşmiş Ştatların dayanıqlı atəşkəsə və münaqişənin dinc həllinə dəstək olduğunu ifadə edən ABŞ elçisi bu ümumi məqsədə çatmaq üçün müxatəlif formatlara tərəfdaşlarla birgə işlədyini qeyd edib.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın "kobud pozuntusu" olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişin təmin olunduğunu bildirir.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.