Təbriz məhkəməsi daha bir vəkili həbsə məhkum edib və ölkədən çıxışına qadağa qoyub. Vəkil Negin Kiyani oktyabr ayının son həftəsində həbs edilib və 20 gündən artıq nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanətlə sərbəst buraxılıb.
İranda fəaliyyət göstərəsən Vəkillər saytına (vokalapress.ir) istinadən, Kiyani ‘İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək ittihamı ilə mühakimə edilib. O, həbs, ölkədədən çıxış qadağası və mobil telefonunun müsadirə edilməsinə məruz qalıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, vəkil Negin Kiyaninin həbs cəzası 4 ay, ölkədən çıxış qadağası isə 2 il müddətinə təyin edilib.
İranda ümummilli etirazların başlanmasından sonra Təbrizdə insan haqları vəkillərinə qarşı basqıların artması fonunda Sina Yusufi, Əmir Mehdipur, Qasım Bodi və Negin Kiyani keçən oktyabr ayında nəzarət altına alınıb.
SEE ALSO: Təbrizdə İnqilab Məhkəməsi daha iki vəkilə həbs cəzası veribDigər vəkillər barəsində çıxarılan hökmlər haqqında daha əvvəl xəbərlər yayılıb.
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi nəzarət altına alındıqdan bir neçə gün öncə Vəkillər Kollegiyasının İranda davam etməkdə olan kütləvi aksiyalar ilə əlaqədar həbs edilənlərə dəstək üçün "müdafiə komitəsi" təşkil etdiyini açıqlayıb. Yusufi oktyabrın 12-də öz Twitter hesabından yayımladığı açıqlamada, həmçinin kütləvi aksiyalar ilə əlaqədar təkcə Təbriz şəhərində 1700 nəfərin saxlanıldığını bildirib.
Təbrizdən Amerikanın Səsinə məlumat verən mənbənin bildirdiyinə görə, "müdafiə komitəsinin" təşkilindən sonra Şərqi Azərbaycan Vəkillər Kollegiyasına basqılar olduqca artıb. 50-dən artıq vəkilə qarşı intizam işi açılıb.
İranda "İslam Respublikası nizamına qarşı təbliğat" və "milli təhlükəsizliyə qarşı fəaliyyət" kimi ittihamlar ilə üzləşənlərinı müdafiəsini qəbul edən vəkillərin sayı olduqca azdır. Bu növ ittihamlarla suçlananları müdafiə edən vəkillər isə təhlükəsizlik qüvvələrinin təhdid və basqılarına məruz qalır.