Son həftə ərzində İran Azərbaycanının Binab və Qəzvin şəhərlərində iki azərbaycanlı vətəndaşın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
Şərqi Azərbaycan vilayətinin Binab şəhərində əslən Məlikkəndi (Məlekan) şəhərindən olan Məhəmməd Rəcəbi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bölgədəki hüquq müdafiəçiləri və HRA xəbər agentliyinin yaydığı xəbərə görə, Məhəmməd Rəcəbi dekabrın 18-də Binab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum bir yerə aparılıb. Ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.
Həmçinin sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Hannanə Qənbəri adlı gənc qadının dekabrın 14-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. Hənnanə Qənbəriyə qarşı irəli sürülən ittihamlar, onun həbs edilməsinin səbəbi və harada olması barədə məlumat yoxdur.
Son aylarda İslam Respublikasının təhlükəsizlik qüvvələri çoxlu sayda vətəndaşı etiraz aksiyası keçirdiklərinə və ya hökuməti tənqid etdiklərinə görə həbs edib, onlara qarşı məhkəmələrdə cinayət işi açılıb.
Ölkədə hakimiyyət tərəfindən azad mətbuat fəaliyyətinin qadağan edilməsi, sosial media platformalarının bloklanması, internetə çıxışın məhdudlaşdırılması, həbs olunanların ailə və yaxınlarının təhdidlər və hədələrlə qarşılaşması onlarla bağlı xəbərlərin düzgün və dəqiq şəkildə yayımlanmasına mane olur.