ABŞ Dövlət Departamenti Laçın dəhlizindəki duruma münasibət bildirdi

Dövlət Departamentinin sözçüsü Ned Prays (Arxiv foto, mənbə VOA)

"Biz aydın etdik ki, Laçın dəhlizinin bağlanmasının ağır humanitar fəsadları var. Bu, sülh prosesini geriyə salır. Biz Azərbaycan hökumətini dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir."

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi mətbuat brifinqində Turan agentliyinin müxbirinin Laçın dəhlizində son durumla bağlı sualının cavabında bildirib.

Ned Prays bildirib ki, onlar, həmçinin humanitar durumun pozulması, enerji infrastrukturunun pozulması ilə bağlı məlumatlar görüblər.

"Enerji infrastrukturunda hər hansı bir pozulma, xüsusən qış aylarının başladığı zaman humanitar böhrana səbəb ola bilər. Bu qəsdən olarsa, Dağlıq Qarabağın mülki əhalisini hədəfə almaq yolverilməzdir," o qeyd edib.

Ned Prays Azərbaycana səfir təyinatının hansı səbəbdən gecikdirilməsi ilə bağlı sualın cavabında deyib ki, Dövlət Departamenti Senatın təsdiqini gözləyən namizədlərin uzun növbəsini qeyd etməkdə davam edir.

"Bu ayın əvvəlinə olan məlumata görə, təsdiqini gözləyən 50-yə yaxın namizəd var. Biz Senatdan bu namizədlər üzərində sürətlə hərəkət etməsini xahiş etməkdə davam edirik," Prays bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyulunda başa çatıb. Prezident Cozef Bayden Azərbaycanda səfir vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.

Avropa İttifaqı Xarici Siyasət və Təhlükəsizlik İdarəsi də bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Avropa İttifaqı dekabrın əvvəlindən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələri ciddi narahatlıqla izləyir.

"Aİ Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırır. Bu cür hərəkət azadlığına məhdudiyyətlər yerli əhali üçün ciddi narahatlıq yaradır və humanitar narahatlıqlar yaradır. Digər narahatlıqlar da iştirak edən tərəflərlə dialoq və məsləhətləşmələr yolu ilə həll edilə bilər və həll edilməlidir. Aİ təmkinli olmağa çağırışını təkrarlayır və yuxarıda qeyd olunan səylərə töhfə verməyə hazırdır," bəyanatda deyilir.

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Twitterdə bildirib ki, NATO Laçın dəhlizi ətrafında baş verən proseslərdən çox narahatdır.

"Bu, hərəkət azadlığını təmin etmək və humanitar problemləri həll etmək üçün açardır. NATO Azərbaycanı və Ermənistanı təmkinlə hərəkət etməyə, daha da gərginləşməyə yol verməməyə və danışıqlara tam qoşulmağa çağırır," o, qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibinin bəyanatına cavabda bildirib ki, Şuşa-Laçın yolunun guya Azərbaycan tərəfindən bağlandığı və bununla guya humanitar böhran yaşana biləcəyi barədə iddiaların əsası yoxdur.

"Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər," o deyib.

Hacızadə əlavə edib ki, Azərbaycan tərəfi ərazilərində yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.

Ermənistan xarici işlər nazirliyi yaydığı bəyanatda Laçın dəhlizində baş verənləri Azərbaycan tərəfinin təxribatı adlandıraraq məqsədin Ermənistanın Qarabağ erməniləri ilə təmasını kəsmək olduğunu bildirib.

“Bu əməliyyatın nəticəsində Dağlıq Qarabağ sakinləri sərbəst hərəkət hüququndan məhrum olunublar və Dağlıq Qarabağ ərzaq və humanitar təcili böhran təhlükəsi ilə üzləşir,” bəyanatda deyilir.

Azərbaycanı Qarabağ ermənilərinə qarşı soyqırım siyasəti aparmaqda ittiham edən rəsmi Yerevan Laçın dəhlizinin bağlanmasını bu siyasətin təzahürü kimi qiymətləndirib.

Azərbaycan xarici işlər nazirliyi Ermənistan tərəfinin yaydığı bəyanatı “qətiyyətlə” rədd edərək nəqliyyat kommunikasiya yollarının açılmasına məhz Ermənistanın əngəl törətdiyini bəyan edib.

“Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə qeyd edək ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur,” rəsmi Bakı bildirib.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında etiraz aksiyası keçirir. Aksiya hələ də davam edir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Nəticədə Qarabağ ermənilərinin Ermənistana təmas xətti olan Laçın dəhlizi faktiki olaraq bağlanıb.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.

Azərbaycan tərəfi baş verənlərə görə Rusiya sülhməramlılarının komandanlığını günahlandırıb.