Dekabrın 6-da Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynov naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Müsəlman Birliyi Hərəkatının məlumatına görə, Mirtofiq Hüseynov Bakıda "20 Yanvar" dairəsi yaxınlığında avtobus dayanacağında naməlum şəxslər tərəfindən saxlanılıb.
Ailəsindən Amerikanın Səsinə deyiblər ki, Mirtofiq Hüseynovun saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə məlumat veriblər.
"Bu gün Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət edildim və oğlumun itkin düşməsi ilə bağlı izahat yazdım. Orada dedilər ki, gün ərzində cavab verəcəklər. Hələ oğlumun taleyi ilə bağlı hər hansı məlumat yoxdur" , Mirtofiq Hüseynovun atası Mircəlal Hüseynov Amerikanın Səsinə bildirib.
Bununla yanaşı, rəsmi qurumlar Mirtofiq Hüseynovun saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.
O, son günlər Müsəlman Birliyi Hərəkatının həbs edilən dördüncü üzvüdür. Belə ki, noyabrın 23-dən bu günə qədər hərəkatın üzvləri Şahin Qədirli, Nicat Əliyev və Samir Babayev saxlanılaraq barələrində narkotik ittihamı ilə cinayət işləri açılıb.
Müsəlman Birliyi Hərəkatı üzvünün saxlanılmasını son günlərdəki həbslərin davamı hesab edir.
"Eyni formada gerçəkləşən həbs sırasında Nirtofiq Hüsenyovun da yer alacağını gözləyirik" , hərəkat qeyd edir.
Noyabrın 1-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə yaydığı məlumatda Müsəlman Birliyi Hərəkatının adı çəkilib.
Məlumatda deyilir ki, özlərini Müsəlman Birliyi Hərəkatı adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, oradan isə təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıb.
DTX bildirir ki, qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub.
Öz növbəsində Müsəlman Birliyi Hərəkatı DTX-nin məlumatını təkzib edib.
"Biz Müsəlman Birliyi Hərəkatı olaraq bu oyunlara vasitə edilməyə çalışılan adımızın hallandırılmasını növbəti avantüra hesab edirik. Bütün dövlət orqanları Müsəlman Birliyi Hərəkatının mübarizəsinin illərdir ki, sivil, qanun çərçivəsində olduğunu görür. Bu, hərəkatn nizamnaməsində də öz əksini tapıb. Hətta 2015-ci ildə Nardaranda keçirilən əməliyyatın belə bütün yalan iddiaları məhkəmələrdə fiaskoya uğramaqla yanaşı, əməliyyat çəkilişlərinin üzə çıxarılmaması mümkün olmayan nümunələri ilə bəlli idi" , Müsəlman Birliyi Hərəkatının bəyanatında deyilir.
Rəsmi dövlət qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 13 nəfər funksioneri və fəalı həbsdədir.