Müsəlman Birliyi Hərəkatının üzvləri barəsində həbs qətimkan tədbiri seçilib

Müsəlman Birliyi Hərəkatının üzvləri Nicat Əliyev barəsində 4 ay və Samir Babayev barəsində 2 ay həbs qətimkan tədbiri seçilib.

Bu barədə Amerikanın Səsinə onların ailələrindən bildiriblər.

Ailələrinin dediyinə görə hər iki fəala qarşı narkotik ittihamı irəli sürülüb.

“Övladımız barədə bundan artıq heç bir məlumata malik deyilik. Bircə onu bilirik ki, övladlarımızın heç bir günahı yoxdur,” fəalların ailə üzvləri Amerikanın Səsinə deyib.

Müsəlman Birliyi Hərəkatının məlumatına görə, hərəkatın üzvü Nicat Əliyev dekabrın 1-də, Samir Babayev isə dekabrın 2-də mülkü geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

Rəsmi qurumlar Nicat Əliyev və Samir Babayevin saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Müsəlman Birliyi Hərəkatı bildirir ki, son həftədə üç üzvünün həbsi qanunsuzluğun aşkar təzahürüdür.

“Bir həftə ərzində üç hərəkat üzvü, Şahin Qədirli, Nicat Əliyev və Samir Babayevin oğurlanması həqiqətən də dəhşətdir. Hakimiyyət bununla bir daha xalqın nifrət hədəfində, öz millətini siyasi oyuna vasitə edən uğursuz siyasətinin tənəzzülünü gerçəkləşdirmiş olur. Biz, Müsəlman Birliyi Hərəkatı olaraq qanunsuz həbslərə son qoyulmasını, bütün günahsızların, o cümlədən hərəkatın həbs olunan bütün üzvlərinin azadlığını tələb edirik”, Müsəlman Birliyi Hərəkatının bəyanatında deyilir.

Son bir neçə gündə Müsəlman Birliyi Hərəkatının azı 3 üzvü saxlanılıb. Onların üçünə də narkotik ittihamı irəli sürülüb. Şahin Qədimovun cinayət işi üzrə istintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Noyabrın 1-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edildiyi barədə yaydığı məlumatda Müsəlman Birliyi Hərəkatının adı çəkilib.

Məlumatda deyilir ki, özlərini Müsəlman Birliyi Hərəkatı adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, oradan isə təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıb.

DTX bildirir ki, qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub.

Öz növbəsində Müsəlman Birliyi Hərəkatı DTX-nin məlumatını təkzib edib.

“Biz, Müsəlman Birliyi Hərəkatı olaraq bu oyunlara vasitə edilməyə çalışılan adımızın hallandırılmasını növbəti avantüra hesab edirik. Bütün dövlət orqanları Müsəlman Birliyi Hərəkatının mübarizəsinin illərdir ki, sivil, qanun çərçivəsində olduğunu görür. Bu, Hərəkatn nizamnaməsində də öz əksini tapıb. Hətta 2015-ci ildə Nardaranda keçirilən əməliyyatın belə bütün yalan iddiaları məhkəmələrdə fiaskoya uğramaqla yanaşı, əməliyyat çəkilişlərinin üzə çıxarılmaması mümkün olmayan nümunələri ilə bəlli idi,” Müsəlman Birliyi Hərəkatının bəyanatında deyilir.

Rəsmi dövlət qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 12 nəfər funksioneri və fəalı həbsdədir.