Son iki gündə Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə iki azərbaycanlı hərbçi, - Ukrayna Milli Qvardiyasının polkovnik-leytenantı Samir Rüstəmov və hərbçi Sabir Qəzənfərov həlak olub.
Xarkivdə yaşayan azərbaycanlıların "Dostluq" Cəmiyyətinin İdarə Heyətinin üzvü, dövlət idarəetmə elmləri üzrə elmlər doktoru Azad Ömərov Amerikanın Səsinə deyib ki, Samir Rüstəmov Rusiya Ordusunun basdırdığı minaya düşüb.
"Samir Rüstəmov mühəndis-istehkamçılar xidmətinin komandiri idi. Onun döyüş dostları Rusiya Ordusunun qoyub getdiyi minalara düşərək həlak olub. Samir döyüş dostlarını minalanmış ərazidən çıxararkən mina partlaması nəticəsində həlak olub".
Ömərovun sözlərinə görə, zabitin dəfn mərasimi noyabrın 15-də Xarkivdə olub.
"Samir Rüstəmovun dəfni Xarkiv uğrunda döyüşlərdə həlak olan şəhidlərin basdırıldığı 18 saylı məzarlıqda oldu. Dəfn mərasimində hərbçilər, yerli hakimiyyət orqanlarının nümayəndələri və diasporumuzun üzvləri iştirak etdi" , o qeyd edib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı isə bildirib ki, Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan 33 yaşlı Sabir Qəzənfərovla vida mərasimi noyabrın 16-da Kyivin "Mixaylovski" meydanında keçiriləcək.
Azad Ömərov Amerikanın Səsinə müsahibəsində Xarkivin noyabrın 15-də Rusiya Ordusu tərəfindən raket atəşinə məruz qaldığını deyib.
"Xarkivə dünən 36 raket zərbəsi oldu. Raket zərbələrindən sonra Xarkiv də daxil olamaqla bütün Ukraynada qaranlıq idi. Səhər saat 5-dək Ukraynada elektrik yox idi. Doğrudur elektrikin verilməsi bərpa olunub. Amma infrastruktura ciddi ziyan dəyib. Bunlar gələcəkdə bərpa olunmalıdır".
Onun sözlərinə görə, raket hücumları zamanı əhali həyəcan siqnalları ilə xəbərdar edilir.
"Şəhərdə insanlar fərdi evlərin və yaşayış binalarının zirzəmilərində, sığınacaqlarda yerləşir. Metro stansiyaları da sığınacaq kimi istifadə olunur".
Your browser doesn’t support HTML5
Ömərov Xarkivdə çoxsaylı infrastrukturların, istehsalat müəssislərinin, vilayət adminsitrasiyasının binlarının dağıdıldığını deyib.
"Vilayət administrasiyasının, şəhər sovetinin binaları, çoxsaylı fərdi və yaşayış binaları dağıdılıb. Ən çox isə şəhərin sənaye infrastrukuru dağıdılıb. Ruslar son zamanlar məqsədyönlü şəkildə kritik infrastrukturları vururlar. Elektrik yarımstasiyalarını, istiliklə bağlı olan müssisəsələri vururlar. Mənə görə, bu təxribatlar insanlarda rus qorxusu yaratmağa yönəlib" , o qeyd edib.
Onun sözlərinə görə, Xarkivdə humanita cəhətdən işlər yaxşı təşkil edilib.
"Mağazalar işləyir. Ərzaq və su təminatı yaxşıdır. Beynəlxalq və yerli humanitar təşkilatlar daimi yardımlar gətirir. Kommunal xidmət atəş altında olsa da çalışır. Küçələr hər gün təmizlənir. Raket atəşləri nəticəsində yaranan şüşə qırıqları, tikinti materiallarının qalıqları hər gün yığılır" , "Dostluq" Cəmiyyətinin İdarə Heyəıtinin üzvü qeyd edib.