Accessibility links

Pentaqon Polşa ərazisinə mümkün raket hücumu ətrafında vəziyyətin inkişafını izləyir


Pentaqonun sözçüsü, briqada generalı Pat Ryder noyabrın 15-də mətbuat konfransında bildirib ki, ABŞ hərbçiləri güman edildiyi kimi Rusiyanın iki raketinin Polşada Ukrayna ilə sərhəd yaxınlığında obyekti vurduğu ilə bağlı mətbuatda verilən məlumatlardan xəbərdardır.

"Hazırda sizə deyə biləcəyim yeganə şey odur ki, bu hesabatları təsdiqləmək üçün hələ məlumatımız yoxdur və biz məsələni araşdırmağa davam edirik. Mən fərziyyələr irəli sürmək və ya fərziyyələrə girmək istəmirəm" - deyə, Rayder qeyd edib.

Jurnalistlərin ABŞ-ın NATO ölkəsini, bu halda Polşanı müdafiə etməklə bağlı öhdəliklərinə əməl etməyə hazır olub-olmaması ilə bağlı sualına Rayder “təhlükəsizlik öhdəliklərimizə və 5-ci maddəyə gəldikdə, NATO ərazisinin hər düymünu qoruyacağımızı açıq şəkildə bəyan edirik” cavabını verib.

Bu arada, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Polşanın mühüm müttəfiq və tərəfdaş olduğunu və ABŞ nə baş verdiyini dəqiq müəyyən etmək üçün Varşava ilə çalışdığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ mütləq bunu hərtərəfli araşdıracaq və növbəti addımların necə olacağına qərar verəcək. Vedant Patel deyib ki, bu baş verməyənə qədər ssenarilər qurmağa dəyməz.

Bundan əvvəl Associated Press xəbər vermişdi ki, ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisi agentliyə Rusiya raketlərinin NATO üzvü olan Polşa ərazisinə düşdüyünü və iki nəfərin həlak olduğunu bildirib.

Polşa hökumətinin sözçüsü Pyotr Müller bildirib ki, ölkə rəhbərliyi "böhranlı vəziyyəti" ilə əlaqədar təcili iclas keçirir.

Polşa mediası noyabrın 15-də günortadan sonra Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevodov kəndində ferma sahəsinə raketin düşməsi nəticəsində iki nəfərin həlak olduğu barədə məlumat verib.

XS
SM
MD
LG