Accessibility links

Zelenski: "Müharibə dayandırıla bilər və dayandırılmalıdır"


Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı deyib ki, əgər Rusiya bütün qoşunlarını Ukraynadan çıxararsa və ölkəsinin Rusiya ilə sərhəd boyu yerləşən ərazilərinə nəzarəti bərpa edərsə, "hərbi əməliyyatların real və tam dayandırılması" baş verə bilər.

Balidə keçirilən Böyük İyirmilər Qrupu ölkələrinin liderlərinin sammitində virtual olaraq danışan Zelenski münaqişənin sona çatdırılmasının gecikdirilməsi daha çox ukraynalının ölümü və dünya üçün daha çox təhlükə demək olduğunu deyib.

"Mən indi Rusiyanın dağıdıcı müharibəsinin dayandırılmalı olduğuna və dayandırıla biləcəyinə əminəm" - deyə Zelenski bildirib.

Ukrayna lideri bu şərhlərini bazar ertəsi yeni azad edilmiş Xerson şəhərinə səfəri zamanı Ukrayna əsgərlərinə ölkəsinin "sülhə hazır olduğunu" deməsindən sonra verib.

Zelenskinin Xersona Rusiya qoşunlarının cənub-şərq şəhərindən geri çəkilməsindən bir neçə gün sonra səfər edib. Bu, fevral ayında müharibə başlayandan bəri qoşunları bölgənin paytaxtına nəzarət edən Rusiya Prezidenti Vladimir Putin üçün müharibənin ən böyük itkilərindən biridir.

Bazar ertəsi İndoneziyada mətbuat konfransında çıxış edən ABŞ Prezidenti Co Bayden Ukraynanın Xersonu ələ keçirməsini Kyiv hökumətinin "əhəmiyyətli qələbəsi" adlandırıb.

"Mən Ukrayna xalqının və Ukrayna hərbçilərinin cəsarətini, qətiyyətini və qabiliyyətini yalnız alqışlaya bilərəm. Onlar heyrətamiz idi," Bayden bildirib.

Lakin o əlavə edib ki, Ukraynanı dəstəkləyən Qərb müttəfiqləri müharibəni bitirmək üçün Ukraynaya təzyiq göstərməyəcəklər. O, "Ukrayna haqqında Ukraynasız heç bir qərar verilməyəcək" deyib.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi Zelenskinin Xersona səfərini şərh etməkdən imtina etsə də, lakin "bu ərazi Rusiya Federasiyasının bir hissəsidir" deyib.

Rusiya keçən ay Ukraynanın digər üç regionu ilə birlikdə bu bölgəni də qanunsuz olaraq ilhaq edib.

Zelenskinin Xersona səfəri ABŞ və Rusiya kəşfiyyat rəhbərlərinin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra iki ölkə arasında ən yüksək səviyyəli təkbətək danışıqlar üçün bazar ertəsi Türkiyədə görüşdüyü vaxta təsadüf edib.

Ağ Ev rəsmisinin bildirsiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Berns Rusiyanın Ukraynada nüvə silahı yerləşdirməsinin nəticələri barədə xəbərdarlıq etmək üçün Rusiya kəşfiyyatının rəhbəri Sergey Narışkinlə görüşüb.

Adının açıqlanmasını istəməyən rəsmi jurnalistlərə danışıqlar zamanı müharibənin həlli ilə bağlı heç bir müzakirə aparılmadığını bildirib.

Rusiya görüşün baş tutduğunu təsdiqləsə də, bu barədə ətraflı məlumat verməkdən imtina edib.

Associated Press agentliyinin xəbər verdiyinə görə, Xerson şəhərindən çıxmasına baxmayaraq, Rusiya hələ də Xerson bölgəsinin təxminən 70%-nə nəzarət edir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya hərbçiləri Xersonu tərk etdikdən sonra Azov dənizinin Heniçesk limanını işğal olunmuş regionun müvəqqəti paytaxtı edib və çox güman ki, hərbi komandanlıq hissələrini orada yerləşdirəcək.

XS
SM
MD
LG