Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, noyabrın 11-də keçirlən etiraz aksiyası zamanı saxlanılan Rövşən Məmmədov inzibati qaydada 30 sutka həbsə məhkum edilib.
Noyabrın 11-də Daxili İşlər Nazirliyi bildirib ki, Məmmədov "sərxoş vəziyyətdə" polis maşınının arxa şüşəsini sındırdığı üçün saxlanılıb.
"Rövşən Məmmədov saxlanıldığı zaman avtomobilin şüşəsi artıq sındırılmışdı və bunun video sübutları var. Onu şərləyib 30 sutka həbs ediblər" , AXCP bildirib.
Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə (polisin qanuni tələbinə tabe olmama) ittiham olunub və noyabrın 12-də 30 sutka müddətinə həbs edilib.
AXCP bildirir ki, Məmmədovun hüquqlarının müdafiəsi üçün vəkil cəlb olunacaq və həbsdən şikayət veriləcək.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı, quru sərhədlərinin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilərin və demokratik islahatların keçirilməsi tələbilə Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təşkil edib. Partiyanın məlumatına görə, ümumilikdə 235 nəfər aksiya iştirakçısı saxlanılıb.
Daxili İşlər Nazirliyi yalnız bir nəfərin saxlanıldığını, qalanların "ərazidən uzaqlaşdırıldığını" bildirib.